Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda mediaya qarşı repressiyanın yenidən başlanmasını pisləyib və son vaxtlar həbs olunan ən azı 15 bloqçu, KİV işçisi və müstəqil jurnalistin dərhal azadlığa buraxılmasına çağırıb.
“Amerikanın səsi”nin məlumatına görə, təşkilatın 23 iyun bəyanatında deyilir: “Amansız repressiyalar son iki ayda Azərbaycan hökumətinin 2016-cı ilin yazında bir neçə siyasi məhbusun azad edilməsi kimi barışıq jestini kölgədə qoydu”.
Bəyanatda bildirilir ki, yeni repressiya qurbanları arasında Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu da var. O, iyunun 14-də 7 il azadlıqdan məhrum edilib. Məhkəmənin qərarına əsasən, onun azadlığa buraxıldıqdan sonra 2 il jurnalist fəaliyyəti göstərməsinə də qadağa qoyulub.
Daha sonra bəyanatda deyilir: “Müstəqil jurnalist Nicat Əmiraslanov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdikdən sonra mayın 22-də saxlanıb və 30 sutka həbs edilib. Polisdə döyüldüyünə görə dişləri düşüb, məhkəmədə dişsiz vəziyyətdə olub. Vəkil bildirib ki, onu hansısa yolla apellyasiya şikayətini geri götürüb günahını etiraf etməyə məcbur ediblər”.
“Sərhədsiz reportyorlar” qeyd edir ki, Azərbaycanda müstəqil jurnalistlərə qarşı həbslər, işgəncələr, uydurma ittihamlarla mühakimələr normaya çevrilib, bu da hakimiyyətin son tənqidçilərə zərbə endirmək istəyindən xəbər verir: “Saxlanılan jurnalistlərin hamısı buraxılmalıdır. Bu, aktualdır, xüsusilə də ona görə ki, onların çoxu işgəncələrə məruz qalıb və səhhətlərində problemlər var. Biz Azərbaycanın beynəlxalq tərəfdaşlarını insan hüquqları sahəsində öhdəliklərini hakimiyyətə xatırlatmağa çağırırıq”.
Bəyanatda qaçaqmalçılıq və sərhədi qanunsuz keçmədə ittiham olunan jurnalist Əfqan Muxtarlının da işindən söz açılır: “O, hazırda istintaq altındadır. Əfqan Muxtarlı hakimiyyətin təqibləri səbəbindən 2014-cü ildə ölkəni tərk edib, mayın 29-da isə Tbilisidə oğurlanaraq Azərbaycan hakimiyyətinə təhvil verilib.
Bundan əlavə, digər iki KİV əməkdaşına qarşı istintaq aparılır. Onlardan biri “Kanal 13”ün icraçı direktoru Əziz Orucovdur. O, mayın 2-də qanunsuz sahibkarlıqda təqsirləndirilərək həbs edilib.
Müxalif “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirov isə vergidən yayınma ittihamı ilə məhkəmə qarşısında dayanıb. Halbuki əvvəlcə onu dini ədavətin qızışdırılması ittihamı ilə həbs etmişdilər.
Faiq Əmirov xroniki mədə xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu 10 ay müddətində müvafiq tibbi yardım almadığına görə vəziyyəti çox pisdir”.
“Sərhədsiz reportyorlar”ın bəyanatında deyilir ki, Azərbaycan hakimiyyəti internet resurslarını təqibə başlayıb, beş müstəqil xəbər saytı bloklanıb.
Mətbuat azadlığı indeksinə əsasən, Azərbaycan dünyanın 180 ölkəsi arasında 162-ci yeri tutur.