Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2017-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsini müzakirə edib. İyunun 22-də keçirilən müzakirədə layihəni təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, büdcə xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 milyon manat, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50 milyon manat, ölkənin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün 68 milyon manat vəsait yönəldiləcək.
Nazirin təqdimatına görə, 2016-cı ildə SOCAR-ın istehsal etdiyi təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışından yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 milyon manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib: “Həmçinin lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondunun cəlb etdiyi kreditlərin bağlanması üçün fondun nizamnamə kapitalının 546 milyon manat artırılması nəzərdə tutulub.
2017-ci ilin büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 milyon manat vəsait yönəldiləcək, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur.
Xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2 milyard 383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar 2017-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi 4 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılacaq.
Bundan başqa ölkədə yol infrastrukturunun tikintisi və yenidən qurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin 36 milyon artırılması nəzərdə tutulub.
Ölkənin xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşlarının əmək haqlarının tənzimlənməsi, həmçinin bu səfirlik və konsulluqlarda təsis olunacaq ticarət nümayəndələrinin saxlanılması üçün 14,1 milyon manat, dövlət büdcəsinin ehtiyat fondunun xərclərinin 1,5 milyon manat və digər zəruri xərclərin 5 milyon manat artırılması təklif olunur.
Yenidən baxılma ilə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 1 milyard 41 milyon manat artırılaraq 17 milyard 941 milyon manata çatdırılması nəzərdə tutulur, bu da təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaq.
Dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2 faizini təşkil etməklə mütləq ifadədə 16 milyard 766 milyon manat proqnozlaşdırılır, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 milyon manat və ya 3,1 faiz çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 milyon manat, Vergilər Nazirliyi üzrə 135 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 50 milyon manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 milyon manat təşkil edəcək”.
Hesablama Palatasının da müsbət rəy verdiyi qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbəri AZƏRTAC yayıb.