“Öz xalqına, dininə hörmət başqa dinə, xalqa olan hörmətdən başlayır”. Prezident İlham Əliyev iyunun 20-si Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında Ramazan ayı münasibətilə açılan iftar süfrəsində belə deyib.
AZƏRTAC-ın məlumatına görə, mərasimdə Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.
İlham Əliyev çıxışında deyib ki, Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır kömək göstərsin: “Dövlət xətti ilə təmir edilmiş və tikilmiş tarixi məscidlərimiz, dini abidələrimiz, eyni zamanda kilsələr, sinaqoqlar bunun bariz sübutudur. Din də dövlət işinə, siyasi işlərə qarışmır. Hesab edirəm ki, bu da nümunəvi bir yanaşmadır.
Bununla bərabər dövlət və din bir yerdədir. Çünki bizim amalımız birdir. Biz istəyirik ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın və dinamik inkişafımız uzunmüddətli və dayanıqlı olsun. Ona görə din-dövlət münasibətlərinin sağlam zəmində formalaşması bizim böyük sərvətimizdir”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulub: “İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Yəni bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki, gənc nəsil də milli ruhda böyüyür, yetişir. Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır.
Bununla bərabər Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur. Bunun səbəbi təkcə bizim hansısa inzibati addımlarımız deyil. Bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır. Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur. Düzdür, kənardan ölkəmizə müdaxilə oluna bilər. Ancaq Azərbaycan bu müdaxiləyə qarşı öz tədbirlərini görən, Azərbaycan xalqının rahat həyatını təmin edən kifayət qədər güclü dövlətdir”.
Xarici siyasət məsələlərinə toxunan prezident Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını vurğulayıb: “Biz bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişik. Avropa ölkələri ilə, müsəlman ölkələri ilə və digər ölkələrlə çox gözəl münasibətlər qura bilmişik. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafında, – bu gün mən tam qətiyyətlə bunu deyirəm, – əvəzolunmaz rol oynayır və bundan sonra da biz bu rolu oynayacağıq. Bu, bir növ bizim məsuliyyətimizdir, eyni zamanda bu, bizə lazımdır. Biz istəyirik ki, Azərbaycanda dinlərarası münasibətlər həmişə indiki kimi olsun. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri həmişə bir ailə kimi yaşasın, necə ki, bu gün yaşayırlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Mən demişəm, bir daha demək istəyirəm ki, öz xalqına, dininə hörmət başqa dinə, xalqa olan hörmətdən başlayır. Budur bizim siyasətimiz və bu siyasəti Azərbaycan ictimaiyyəti tam bəyənir və dəstəkləyir. Məhz bunun sayəsində biz bugünkü gözəl nəticələri görürük və bunu qeyd edirik”.