Mərkəzi Bankın İdarə Heyəti iyunun 22-dən faiz dəhlizinin aşağı həddinin 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edib. Rəsmi məlumata görə, 21 iyun iclasında qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub, ixracın artımı və idxalın azalması nəticəsində tədiyyə balansı profisit mövqeyə keçib: “Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir və ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir.
2017-ci ilin ötən dövründə qeyri-neft sektorunda iqtisadi artımın bərpası prosesi başlamış, son 5 ayda sektorda 2,3%, ticari sektorda 3,2%, qeyri-neft sənayesində isə 3,9% artım baş verib. Qeyri-neft sektorunda iqtisadi artımın əsas amilləri son istehlak xərcləri, dövlət tələbi və xalis xarici tələbin yüksəlməsi olub.
Cari ilin birinci rübündə tədiyyə balansında müsbət dəyişikliklər baş verib, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəsir (-2,5 milyard dollar) profisitlə (0,7 milyard dollar) əvəz olunub. Son 5 ayda xarici ticarət balansının profisiti ötən dövrlə müqayisədə 2 dəfə yüksəlib. Bu dövrdə həm neft, həm də qeyri-neft ixracı artıb, qeyri-neft idxalı isə azalıb.
Üzən məzənnə rejiminə keçdikdən sonra son 4 ayda valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyir, manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.
Pul kütləsinin hədəflənməsi şəraitində Mərkəzi Bank ötən dövrdə çevik monetar siyasət həyata keçirib. Qəbul edilmiş pul proqramı çərçivəsində üzən məzənnə rejiminə keçidlə əlaqədar gözləntiləri nəzərə almaqla ilin əvvəlində Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb, manatın məzənnəsinin sabitləşməsindən sonra pul kütləsinin həcmini bərpa edib. İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (1 günlük, 7 günlük, 14 günlük, 28 günlük) pul siyasəti alətlərini aktiv saxlayıb.
Bu dövrdə maliyyə bazarlarında pulun dəyəri başlıca olaraq Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşıb. Bütövlükdə həyata keçirilən monetar siyasət iqtisadiyyatda likvidliyin idarə olunmasını və ödəniş sisteminin stabil fəaliyyətini təmin edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, orta illik inflyasiya 13,8%-dir. Təhlillər göstərir ki, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir və əsasən gözlənti və inersiya xarakterlidir.
Mərkəzi Bankın dövri olaraq biznes sektoru və ev təsərrüfatları arasında həyata keçirdiyi sorğular göstərir ki, manatın məzənnəsinin sabitləşdiyi və pul kütləsinin həcminin neytrallaşdığı şəraitdə inflyasiya gözləntiləri bir qədər azalsa da, əhəmiyyətli olaraq qalır.
Mərkəzi Bankın İdarə Heyəti hesab edir ki, sabit monetar şərait və məzənnə volatilliyinin olmadığı şəraitdə qısamüddətli inflyasiya riskləri məhdudlaşdırılıb və cari ilin ikinci yarısında həm əhalinin və həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır. Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir”.
Novator.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. 2015-ci il iyulun 13-dən Mərkəzi Bank uçot dərəcəsini 3,5%-dən 3%-ə endirib. 3%-lik uçot dərəcəsi ötən il fevralın 15-dək qüvvədə olub. Həmin gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 5% müəyyən etmək barədə qərar çıxarıb. 2016-cı il martın 4-də uçot dərəcəsi 7%-ə, avqustun 8-də 9,5%-ə, sentyabrın 14-də 15%-ə qaldırıb.