Prezident İlham Əliyev dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə qaydasını təsdiqləyib. Fərman iyunun 21-də imzalanıb.
Sənəd birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydasını və keçid ballarını müəyyən edir.
Novator.az bildirir ki, qaydaya əsasən, dövlət orqanının rəhbəri vakant vəzifə yarandığı gündən bir ay müddətində vəzifənin tutulması üçün daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə keçirilməsi barədə qərar qəbul edir və bu barədə Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verir.
Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda dövlət orqanının rəhbəri müsahibənin keçirildiyi gündən otuz gün müddətində həmin vəzifənin ümumi müsahibə və ya müsahibə yolu ilə tutulması barədə qərar çıxarmalıdır.
Müsahibə elanı, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdirilir, habelə müsahibə elan edilməzdən azı on gün əvvəl DİM-ə təqdim olunur.
Dövlət orqanı müsahibə komissiyasını üç nəfərdən ibarət tərkibdə, DİM-in bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə yaradır.
Yardımçı vəzifə tutan dövlət qulluqçuları; vakant vəzifədən daha aşağı vəzifə tutan dövlət qulluqçuları; namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları); bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər; ali təhsili olmayan şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər.
Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı beş gün qalmış dövlət orqanının internet saytı və DİM-in portalı vasitəsilə məlumat verilir.
Müsahibə namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin iştirakı ilə (olduğu halda) keçirilir.
Müşahidəçi qismində iştirak etmək üçün dövlət orqanına və ya DİM-ə qabaqcadan müraciət etməyən şəxslər; son 1 il ərzində müşahidəçi qismində iştirak etmək istədiyi vakant vəzifə üzrə elan edilmiş müsahibədə iştirakı qeydə alınmış şəxslər; müsahibədə iştirak edən namizədin yaxın qohumları və ya müsahibənin nəticəsində birbaşa marağı olan digər şəxslər müsahibədə müşahidəçi qismində iştirak edə bilməzlər.
Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir, hər bir namizədlə müsahibə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində və azı 20 dəqiqə aparılır.
Komissiyanın hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu bu meyarlara əsasən qiymətləndirir: bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri; peşə hazırlığı – namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri; ümumi dünyagörüşü – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri; vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhlil etmə, ünsiyyət qurmaq bacarıqları.
Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq namizəd barədə ümumi bal müəyyən edilir. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi ballar toplanır və komissiya üzvlərinin sayına bölünərək orta bal müəyyən edilir.
Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir.
Namizədlər vakant vəzifəyə təyin edilmək üçün beş iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən on beş gün müddətində qəbul etdiyi qərar barədə DİM-ə məlumat verir.
Vakant vəzifəyə təyin edilmək üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanırlar. Bu müddətdə həmin dövlət orqanında analoji vakant vəzifə (vəzifənin tutulması şərtləri uyğun olan) olduqda namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilirlər.