“Biz işğal altında olan bütün torpaqlara qayıdacağıq”. Prezident İlham Əliyev iyunun 14-də Cəbrayılın Cocuq Mərcanlı kəndində belə deyib.
Kənd sakini Oqtay Həziyevin evinə baş çəkən İlham Əliyev deyib ki, kəndin bərpası ölkənin həyatında əlamətdar gündür: “Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Siz – bu kənddə yaşayan insanlar bu kəndin tarixini yaxşı bilirsiniz. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri var.
Siz yaxşı bilirsiniz ki, Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında olub. Bu bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş uğurlu Horadiz hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı kəndi, Horadiz qəsəbəsi, – bu gün Horadiz şəhəridir, – işğaldan azad olundu. Ancaq burada yaşamaq təhlükəli idi. Buna baxmayaraq Həziyevlər ailəsi burada yaşayıb. Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirdi və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir. Lələtəpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu.
Mən keçən ilin sonlarında bu bölgədə, Lələtəpədə, işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkündürmü? Mənə dedilər ki, mümkündür.
Bu ilin yanvar ayında müvafiq sərəncam imzalandı, prezidentin ehtiyat fondundan vəsait ayrıldı. Martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırılıb – cəmi iki aya. Yəni bütün bu tikinti işləri sizin gözünüzün qabağında olub və bu, doğrudan da tarixi hadisədir. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, – bəlkə ondan da çox, – tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək.
İşğaldan əziyyət çəkən kənd bərpa olunub. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaq”.
Prezident qeyd edib ki, işğala baxmayaraq Azərbaycan inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir: “Biz hərbi sahədə böyük uğurlara nail olmuşuq, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha göstərdi. Biz bunu bilirdik, Azərbaycan ictimaiyyəti də bilirdi. Ancaq aprel döyüşləri bunu əyani şəkildə bütün dünyaya və düşmənə göstərdi ki, bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir”.
İlham Əliyev Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağının dalğalandığını vurğulayıb: “Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq. İşğal böyük ədalətsizlikdir, beynəlxalq qanunların pozulması deməkdir. Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxsın. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, o, buna əməl etsin. Bax, problem bundan ibarətdir”.
İlham Əliyev Cocuq Mərcanlıda yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış olarkən hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşüb, ordu quruculuğunun uğurla getdiyini deyib: “Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir və son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilib. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir, ordumuza lazım olan bütün ən müasir texnika, silah-sursat alınır, gətirilir, eyni zamanda Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir və bunun nəticəsidir ki, keçən ilin aprelində erməni silahlı təxribatına Azərbaycan Ordusu layiqli cavab verdi. Üç rayonun ərazilərinin bir hissəsi işğalçılardan azad edildi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Onlar 20 ildən çoxdur ki, bu yurdun həsrəti, öz doğma torpağına qayıtmaq arzusu ilə yaşayırlar.
Bu gün onu göstərir ki, biz hələ də işğal altında olan bütün torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var. Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, ordusunun gücünü, cəsarətini göstərdi”.