Azərbaycana rəsmi səfərə gələn Moldova prezidenti İqor Dodon iyunun 22-si Bakıda rəsmən qarşılanıb. AZƏRTAC xəbər verir ki, dövlət başçısı İlham Əliyev qonağı qarşılayandan sonra prezidentlərin təkbətək görüşü olub, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçıları geniş tərkibdə də bir araya gəliblər. İlham Əliyev təkbətək görüşdə ikitərəfli münasibətlərin mühüm məsələlərinə toxunulduğunu, regional problemlərə dair fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. Prezident deyib: “Əminəm ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq. Bunun üçün çox böyük potensial var. Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur.
Əlbəttə, bu gün biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik. Səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına bütün zəruri tapşırıqlar veriləcək ki, hər istiqamət üzrə təbirlər planı müəyyən edilsin və həmin plan reallaşdırılsın”.
Moldova prezidenti çıxışında ikitərəfli münasibətlərə yeni təkan veriləcəyini vurğulayıb: “Hökumətlərarası komissiyanın işində də çox böyük fasilə olub. Mənim hökumətlərarası komissiyaya rəhbərlik etmək təcrübəm var. Mən bir neçə il ərzində Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının Moldova tərəfdən rəhbəri olmuşam. Bizim çox böyük potensialımız var və mən çox ümid edirəm ki, ali səviyyədə görüşün nəticələrinə əsasən ən yaxın vaxtda hökumətlərarası komissiyanın işinə də yeni təkan verəcəyik.
Ümidvarıq ki, bu il hər iki tərəfdən nazirlərimizin də görüşü olacaq. Hər halda daha fəal əməkdaşlıq etmək üçün bilavasitə konkret layihələr, konkret addımlar nəzərdən keçiriləcək. Əlbəttə, bizim ticarət sahəsində müsbət dinamika var. Keçən il bu sahədə artım 30 faizdən çox olub. Lakin ticarətin həcminin 5 milyon dollara yaxın olması çox kiçik göstəricidir. Ümidvaram, hökumətlərarası komissiya çərçivəsində bizim biznesmenlərin də buraya, Bakıya səfərini təşkil edə biləcəyik ki, onlar özlərinin potensial tərəfdaşları ilə görüşsünlər”.
Görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Həmin gün İlham Əliyevin adından İqor Dodonun şərəfinə rəsmi nahar verilib.