Avropa Parlamenti iyunun 15-də jurnalist Əfqan Muxtarlının həbsi və Azərbaycanda media azadlığı ilə bağlı xüsusi müzakirə apararaq qətnamə qəbul edib. Qətnamədə qeyd edilir ki, jurnalist Əfqan Muxtarlı mayın 29-u Tbilisidə yoxa çıxıb, bir neçə saat sonra Bakıda peyda olub: “Vəkilinin bildirdiyinə görə, Əfqan Muxtarlını Gürcüstan kriminal polisinin uniformasında olan naməlum adamlar tutub. Onlar jurnalisti maşına basaraq döyüb və Azərbaycan sərhədinə aparıblar, üstünə 10 min avro pul qoyublar”.
Azadliq.org-un məlumatına görə, sənəddə vurğulanır ki, Avropa İnsan Hüquqları Konvensiyasına tərəfdar dövlət kimi Gürcüstanın ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var”.
Qətnamədə Əfqan Muxtarlının oğurlanması kəskin şəkildə pislənir, bu, insan haqlarının ciddi pozuntusu adlandırılır, Gürcüstan hakimiyyətinin, Gürcüstan dövlətinin hadisə ilə bağlı olması barədə bütün şübhələrə aydınlıq gətirilməsi üçün bütün mümkün addımların atılmasının vacib olduğu vurğulanır.
Avropa Parlamenti Azərbaycan hakimiyyətini Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etməyə və jurnalisti azadlığa buraxmağa çağırır.
Sənəddə qeyd edilir ki, hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunus Hollandiyada sığınacaq aldıqları halda mayın 17-də verilən məhkəmə qərarı ilə onlardan Azərbaycana qayıtmaq tələb olunur.
Qətnamədə bloqçu və ictimai fəal Mehman Qələndərlinin aprelin 28-i təcridxanada ölümünü araşdırmağa çağırış yer alır, siyasi məhbus sayılan şəxslərin, o cümlədən İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Mehman Hüseynov, Bayram Məmmədov, İlqar Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, Elgiz Qəhrəmanov, Əfqan Sadıqov və digərlərinin azadlığa buraxılması, hüquq müdafiəçisi İntiqam Əliyev və jurnalist Xədicə İsmayıla qarşı bütün ittihamların ləğvi tələb olunur.
Sənəddə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıqla bağlı razılaşma yada salınır, qeyd olunur ki, razılaşmanın kökündə demokratik islahatlar, qanunun aliliyi, yaxşı dövlət idarəçiliyi, insan haqları və fundamental azadlıqlar dayanır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qətnaməsini pisləyib: “Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.
Eyni zamanda qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb”.