İyunun 14-də prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedib. Dövlət başçısı kənddə görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.
Ermənistan silahlı birləşmələri Cocuq Mərcanlını 1993-cü ilin oktyabrında tutub. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu kəndi işğaldan azad edib. 2016-cı ilin aprel ayından ordu ətraf ərazilərə nəzarət edir və Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub.
AZƏRTAC xəbər verir ki, prezidentin Cocuq Mərcanlıya səfəri yeni salınan kənd yolunun açılışı ilə başlayıb. Daha sonra dövlət başçısı kənd sakini Oqtay Həziyevin evində olub. Səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq 1994-cü ilin aprelindən kənddə yaşayır.
Prezident İlham Əliyev kənddə yeni inşa olunan 96 şagird yerlik məktəbə baş çəkib, burada hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşüb.
Şuşa məscidinin bənzəri olan məsciddə yaradılan şəraitlə tanış olarkən prezident İlham Əliyevə məlumat verilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir.
Sonra prezident İlham Əliyev kəndin ərazisini gəzib.
Rəsmi məlumata görə, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cocuq Mərcanlıdan olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.
Cocuq Mərcanlıda hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Ölkənin 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.