İyunun 13-də prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini Ramazan ayı münasibətilə qəbul edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı görüşdə deyib ki, Azərbaycanın müsəlman ölkələri ilə çox sıx əlaqələri var: “Biz ikitərəfli formatda fəal əməkdaşlıq edirik və beynəlxalq arenada da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil etdiyiniz ölkələrlə əməkdaşlığımız çox uğurludur.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilatın xətti ilə Azərbaycanda bir çox mötəbər tədbirlər keçirilib. Ötən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş zirvə görüşündə də təşkilat və onun üzvləri Azərbaycana bir daha öz dəstəyini bildiriblər. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir.
Keçənilki zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da çox önəmli addımlar atılıb, qərar qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı münaqişə ilə bağlı bir çox sənədlər, qətnamələr qəbul edib, o sənədlərdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Keçən il isə Ermənistanın təcavüzü ilə bağlı kontakt qrupu yaradıldı və biz bunu da çox yüksək qiymətləndiririk. Müsəlman ölkələrindən göstərilən dəstək və həmrəylik bizim üçün çox önəmlidir. Bu dəstəyə görə mən təşkilatın üzvlərinə minnətdaram.
Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini uzun illərdir işğal altında saxlayır, bütün beynəlxalq normaları kobudcasına pozur, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə biganə qalır, işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimizi məhv edib. Bunu təsdiqləyən bir çox sənədlər, videomateriallar var.
Erməni işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bütün beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı həqiqətləri ortaya qoyuruq, dünya ictimaiyyətinə çatdırırıq. Bunu müsəlman ölkələrinin ictimaiyyətinə də çatdırırıq ki, bu ölkələrdə yaşayan bizim qardaşlarımız ermənilərin işğal edilmiş torpaqlarda hansı vəhşiliklər törətdiyini görsünlər. Bu vəhşilik təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman aləminə qarşı törədilib.
Bu yaxınlarda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ucaldılmış məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Şuşa məscidləri, Ağdam məscidləri, işğal altında olan digər şəhərlərimizin məscidləri dağıdılıb. Bu cinayət bütün müsəlman aləminə qarşı törədilmiş cinayətdir. Biz istəyirik ki, bütün dünya müsəlmanları bunu bilsinlər”.