İyunun 12-si Bakı Apellyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun şikayəti üzrə proses başlayıb. Hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda bildirilib ki, Əli İnsanov məhkəməyə ərizə ilə müraciətində prosesin onun iştirakı olmadan keçirilməsini istəyib. Tərəflər buna etiraz etməyib.
Əli İnsanovun vəkili Ağaveyis Şahverdi vəsatət verərək prosesin məhkəmə istintaqı ilə aparılmasını, əsassız sübutların maddi sübutlar siyahısından çıxarılmasını, Əli İnsanovun psixotrop maddə tapılan qabda və cırdığı iddia olunan aktda barmaq izinin olub-olmamasını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.
Proses iyunun 22-də davam edəcək.
Aprelin 26-da Qaradağ Rayon Məhkəməsi Əli İnsanovu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib. Beləliklə, 2005-ci ildə tutulmuş sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb.
70 yaşlı Əli İnsanov tibb elmləri doktorudur. Səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.
2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı il avqustun 24-də Qaradağ Rayon Prokurorluğu Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırıb. O, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamada, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmədə, cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyaların saxlanmasında ittiham olunub.
Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, o, 2016-cı il avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib. Bəyan olunub ki, avqustun 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.