İyunun 12-də vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında jurnalist Əziz Qaraşoğlu (Orucov) ilə görüşüb.
“Azadlıq” radiosunun məlumatına görə, vəkil bildirib ki, təcridxanaya gətirildiyi gündən jurnalistə telefonla zəng etmək, ailəsi ilə görüşmək imkanı verilməyib: “Bunun səbəbini aydınlaşdırmaq üçün təcridxananın rəsmi şəxslərinə müraciət etdim. Şifahi olaraq bildirildi ki, telefon zənglərinə və görüşə qadağa istintaq orqanının qərarı ilə tətbiq olunub. Dedilər ki, Əziz Qaraşoğlunun telefonla zəng etməsi və ailəsi ilə görüşməsinə razılıq almaq üçün istintaq orqanına müraciət etməliyik. Bununla bağlı rəsmi müraciətlər edəcəyik.
Belə qərar varsa, bu, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tələblərinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə ziddir. Qərarın surətini əldə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şikayət verəcəyik”.
Məsələ ilə bağlı jurnalistə qarşı cinayət işinin istintaqını aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən hələlik münasibət almaq mümkün olmayıb.
“Kanal 13″ internet televiziyasının direktoru Əziz Qaraşoğluya qarşı Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrinə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İyunun 1-də həmin idarənin təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsində Əziz Qaraşoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan bir qədər əvvəl – mayın 2-də Əziz Qaraşoğlu polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası almışdı. Onun barəsində həbs qətimkan tədbiri inzibati həbs müddətinin başa çatmaqda olduğu dövrdə seçilib.
Jurnalistin həbsindən sonra “Kanal 13″ün ofisində və Əziz Qaraşoğlunun evində axtarış aparılıb, kompüterlər götürülüb.