İyunun 12-də Səbail Rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin işi üzrə proses keçirilib.
Hakim Aytən Əliyevanın sədrliyi keçirilən prosesdə “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov və müxbiri Vidadi Məmmədov şahid qismində ifadə veriblər. Onlar qəzetdə gedən elanlardan danışıblar.
“Azadlıq” radiosunun məlumatına görə, Vidadi Məmmədov deyib ki, bibisigilin evini satması haqda elanı qəzetdə yerləşdirdiyinə görə Faiqin həbsindən sonra prokurorluqda dindirilib. Soruşublar ki, həmin elana görə nə qədər pul ödəyib: “Mən də cavab verdim ki, ümumiyyətlə pul ödənilməyib”.
Sücəddin Şərifov isə həkim məsləhəti ilə bağlı elana görə dindirilib. Onun sözlərinə görə, Süleyman Cəbrayılov adlı həkim zəng edərək, göstərdiyi tibbi xidmət haqda yazılarının, elanının qəzetdə yerləşdirilməsi üçün kömək istəyib: “2010-cu ildə seçki ərəfəsində deputatlığa namizədlərin bəzisinin birləşdiyi İctimai Palata adlı qurum yaradılmışdı. Həkim mənə dedi ki, o da İctimai Palatanın üzvüdür. Mən də kömək elədim”.
Sənədlərinin itməsi haqda xəbər yerləşdirmiş Samir İsgəndərov, kosmetoloq xidmətləri haqda reklam verən Sevda Muradova, “Azadlıq”da təşkilatı haqda elan yayımlamış vəkil Cavanşir Süleymanov və digərləri də məhkəmədə dindiriliblər.
Faiq Əmirli bu elanlara görə pul alıb, vergisini ödəməməkdə təqsirləndirilir. Amma elan və reklamların sahibləri Faiq Əmirlini tanımadıqlarını deyiblər.
Məhkəmədə “Qaya”, “Qasid”, “Press-Elita” mətbuat yayımı firmalarının məsul şəxsləri də ifadə veriblər.
“Qaya” mətbuat yayımı firmasından Sokrat Süleymanov deyib ki, qəzetin satılan nüsxələrinə görə əldə olunan vəsaitin 35-40 faizi firmaya qalırdı.
“Qasid” ASC-nin sədr müavini Ağaəli İsmayılov “Azadlıq”ın satılan nüsxələrinə görə qəzetə 67 min manat borclu olduqlarını təsdiqləyib.
Məhkəmə iyunun 19-da davam edəcək.
Novator.az bildirir ki, 2016-cı il avqustun 20-də tutulan Faiq Əmirlini istintaq ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin tərəfdaşı kimi təqdim edib, dini düşmənçiliyin salınmasında günahlandırıb.
2017-ci il aprelin 17-də Faiq Əmirliyə yeni ittihamlar – xeyli miqdarda vergidən yayınma və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürüb.
Mayın 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Faiq Əmirliyə ittihamların birini geri çəkib. Onun üzərində xeyli miqdarda vergidən yayınma və qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması ittihamları saxlanıb, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamına xitam verilib.
Maliyyə direktoru “Azadlıq” qəzetinin gəlirini az göstərməklə 39 min manat vergidən yayınmada və Fətullah Gülən ideyalarını “Azadlıq” qəzetində yaymaq niyyətində suçlanır.
Faiq Əmirli həbs ediləndən “Azadlıq”ın bank əməliyyatı aparması mümkün olmayıb, 2016-cı il sentyabrın 5-də qəzetin çapı dayanıb.