Energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı nekroloq yayılıb. Nekroloqda deyilir: “Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının energetika naziri Natiq Ağaəmi oğlu Əliyev 2017-ci il iyunun 9-da ömrünün 70-ci ilində vəfat edib.
Natiq Əliyev 1947-ci il noyabr ayının 23-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dağ mühəndis-geoloqu ixtisası üzrə ali təhsil alıb. Natiq Əliyev 1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında oxuyub və 1975-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 2008-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcələrini alıb.
Əmək fəaliyyətinə 1970-ci ildən etibarən “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” trestində texnik-geoloq kimi başlayan Natiq Əliyev 1974-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi, 1976-1979-cu illərdə Elmlər Akademiyası “Xəzər” elmi mərkəzinin kiçik elmi işçisi və baş elmi işçisi olub. O, 1979-cu ildə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin kompleks dəniz geoloji kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi təyin olunaraq 1984-cü ilədək bu vəzifədə çalışıb, 1984-1991-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft və kimya sənayesi şöbəsində təlimatçı və bölmə müdiri işləyib.
1993-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti təyin edilən Natiq Əliyev 2005-ci ilədək həmin vəzifəni tutub, 2005-2013-cü illərdə Azərbaycan Respublikasının sənaye və energetika naziri, 2013-cü ildən ömrünün sonunadək isə energetika naziri olub.
Natiq Əliyev uzun illər Azərbaycanın milli maraqlarının qorunması üçün bilik və bacarığını əsirgəməyərək özünün yüksək peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Respublikamızın 1994-cü ilin sentyabrında dünyanın transmilli şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” ilə başlanan yeni neft strategiyasının uğurla həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində və bütövlükdə Azərbaycanın enerji sahəsində tarixi nailiyyətlər qazanmasında Natiq Əliyevin özünəməxsus xidmətləri var. O, qlobal enerji təhlükəsizliyi layihəsi sayılan Cənub Qaz Dəhlizi üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə layiqli töhfələr verib.
Natiq Əliyevin tədqiqatçı-alim olaraq Xəzər dənizində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatına, eləcə də enerji sektorunun ayrı-ayrı məsələlərinin öyrənilməsinə dair 100-dən artıq sanballı elmi araşdırmasını mütəxəssislər rəğbətlə qarşılayıb.
Beynəlxalq enerji siyasəti sahəsində tanınmış mütəxəssislərdən olan Natiq Əliyevin Azərbaycanın sosial-iqtisadi yüksəlişi və enerji təhlükəsizliyinin təmin olunmasında, enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsində, neft sənayesinin və energetikanın inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilib. O, bir sıra xarici ölkələrin mötəbər mükafatlarını alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən “Şöhrət” ordeninə layiq görülüb.
Tanınmış ictimai-siyasi xadim, əməkdar mühəndis, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!”
Nekroloq prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və başqa rəsmilərin adından yayılıb.
Natiq Əliyev iyunun 9-u Türkiyənin İstanbul şəhərindəki “Florence Nightingale” klinikasında vəfat edib. Nazir iyunun 4-də ürəyində problemlər üzündən Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, iyunun 5-də Türkiyəyə aparılmışdı.