Radon qazı təhlükəsi: yerin təkindən evimizin içinədək
- 08 İyun 2017
- comments
- Novator.az
- Posted in Şərh
Bu mövzu artıq Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin gündəminə daxil edilib. Tikilməsi nəzərdə tutulan, istismarı başa çatmamış, yaxud artıq inşa edilmiş binaların təhlükəsizlik standartlarına cavab verməsinə məsul qurum – Fövqəladə Hallar Nazirliyi də prosesə cəlb edilib, məsələ bu nazirlikdə də bir problem kimi öyrənilir.
Söhbət yaşayış binalarının ekoloji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən radon qazı problemindən gedir.
Bəzən istifadəyə verilən binaların normativlərə uyğun olduğu reklam olunsa da, bununla həmişə razılaşmaq mümkün deyil. Çünki uzun müddət yaşayış binalarının tikintisində ciddi nöqsanlara yol verilib, tikinti materialları ekoloji cəhətdən yoxlanmayıb, ərazidə radon qazının miqdarı, radioaktiv şüalanma versiyası öyrənilməyib.
Radon qazının adını, ola bilsin, bəzi oxucularımız da ilk dəfədir eşidir.
İnsan orqanizminə hava, su, toz zərrəcikləri vasitəsilə asanlıqla daxil olan və orqanizmdə ciddi problemlər yarada bilən bu qaz rəngsiz və iysizdir. Suda və insan orqanizmində, xüsusilə də piyli toxumalarda asanlıqla həll oluna bilir.
Radon qazı yaşayış binalarının xüsusən zirzəmilərində olur. Müxtəlif fəsadlar baş verdikdə, binada suvaqlar qopduqda, evlərin divarlarında oyuq və çatlar yarandıqda asanlıqla boşluqlardan sızıb keçə bilir. Radon üçün münbit şərait yaradan daha bir məqam onun su boruları, xüsusən də zirzəmidən keçən borularla evlərə, yuxarı mərtəbələrə yayılmasıdır. Bundan başqa radon qazı daş, qum, çınqıl və torpaq tərkibli başqa tikinti materiallarına, tikinti materiallarında istifadə edilən su mənbəyinə hopmaqla da məişətə daxil ola bilir.
Radon qazı “ərköyün” xarakterə malikdir, mövsümdən-mövsümə, ildən-ilə azala və ya çoxala bilir. Bu da onu daima nəzarətdə saxlamaq zərurəti yaradır. Bir yerdə radon qazı minimuma enibsə, bu hələ o demək deyil ki, təhlükə sovuşub. Mövsümlər, illər dəyişəndə radonun miqdarı yenidən yuxarı həddə qalxa bilər.
Radon qazı uran mənşəli olduğuna görə onun öz elementlərini tamamilə itirməsi, daxili deqradasiyaya uğraması ehtimalı sıfıra bərabərdir.
Radon qazının radioaktiv aktivliyi nəticəsində yaranan alfa şüalanması insan orqanizmi üçün təhlükədir. Tibbi araşdırmalar sübut edir ki, əgər insan radon qazı qarışmış hava ilə nəfəs almaqla yanaşı həm də siqaret çəkməyə davam edirsə, bir müddət sonra zəhərlənməyə məruz qalır, orqanizm sürətlə zəifləyir, qida, nəfəs yolları, eləcə də immun sistemi, qan yaradan hüceyrələr, onurğa toxumaları, sümük iliyi zədələnir, son mərhələdə isə xəstənin orqanizmi daha çox ağciyər xərçənginə meylli olur. Ağciyər xərçəngi yaradan səbəblər sırasında radon qazı siqaretdən sonra ikinci yerdə durur.
Radon insanın geninə təsir edə, irsi, genetik xəstəliklər törədə bilir. Bu isə onun gələcək nəsillər üçün də problemlər yaratmaq gücündə olması deməkdir.
Ekologiya və kimya biologiyası üzrə mütəxəssislərin rəyinə görə, radon sahəsində yaşıllıq massivinin salınması, ağacların, güllərin əkilməsi insanları şüalanma təhlükəsindən sığortalaya bilər. Radon qazının hava vasitəsilə yayılmasını əngəlləmək isə daha çətin bir prosesdir.
Radon təbii radiasiya mühitinin 50 faizini təşkil edir. Hazırda aktual olan problem yerin altından, bünövrə vasitəsilə evlərə sızan radonun təyin edilməsi və qarşısının alınmasıdır.
Radon qazı ilə mübarizədə öncül ölkələr cərgəsində Almaniya, ABŞ, Kanada, Çexiya, Polşa, Slovakiya, İsveçrə və Rusiyanın adı daha çox çəkilir.
Azərbaycanın tikinti sektorunda yaşayış binalarının ekoloji təhlükəsizliyi məsələsində radon qazına diqqət 2010-cu ildən göstərilməyə başlanıb.
Uzun illər, sovet dövründən tikinti sektorunda çalışmış təcrübəli iş icraçısı, hazırda təqaüddə olan Nadir Məcnunov deyir ki, fəaliyyət göstərdiyi dövrdə neçə-neçə yaşayış binasını təhvil versələr də, 2010-cu ilədək inşa olunan binaların faktiki heç birində radon qazı ilə bağlı mütəxəssis yoxlaması keçirildiyini görməyib.
Paytaxtdakı bir sıra çoxmərtəbəli binanın tikintisində iştirak etmiş Nadir Məcnunov bildirir: “Əvvəllər hər hansı binanın tikintisinə başlayanda və yaxud bina istifadəyə veriləndə zirzəmilərdə ciddi problem, o cümlədən radon qazı ola biləcəyini ağlımıza da gətirmirdik. Proses sürətlə aparılır, tikintiyə cavabdeh olan icraçıdan və işçi qüvvəsindən binanın təhvil-təslimini tezləşdirmək tələb edilirdi. Tikinti gedəndə belə təsəvvür yaranırdı ki, bütün problemlər bəllidir və alimlərin layihəyə dəvət olunmasına, radon qazı ilə bağlı araşdırma aparılmasına ehtiyac yoxdur”.
Təqaüdçü mütəxəssisin söylədiyinə görə, 2010-cu ildən sonra ekoloji təhlükəsizlik məsələsində radon qazı faktoru aktuallaşdı, yaşayış binalarının zirzəmilərində radonun aktivliyi və qapalı mühitdə həcmi ilə əlaqədar bəzi yoxlamalar başlandı. Nəticədə tikinti sektorunda işə münasibətdə həm texniki, həm ekoloji təhlükəsizlik baxımından qismən dəyişikliklər baş verdi.
Nadir Məcnunov bildirir ki, radon qazı sızan zirzəmiləri, qəzalı vəziyyətə düşən dam və divarları, havalandırma sistemlərini, su borularını, içməli suyun tərkibini araşdırıb nöqsanları üzə çıxarmaq mühümdür və bu işi Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimlərinin, əlaqədar rəsmi qurumların, müxtəlif fondların, ekoloji problemlərlə məşğul olan təşkilatların yardımı, maddi-mənəvi dəstəyi olmadan təsəvvür etmək mümkün deyil.
Zaman-zaman radon qazının törətdiyi fəsadların nəticələri barədə yüzlərlə fakt açıqlanıb. Bu faktlardan biri son dövrlərə aiddir. Hadisə 2013-cü ildə Qazaxıstanın Kalaçi kəndində baş verib. Bu kənddə sakinlərin ümumi xəstəliyə tutulması elm adamlarını heyrətə gətirib. Get-gedə sakinlər özlərində daima qəribə bir halsızlıq müşahidə ediblər. Sonra bu halsızlıq uzun sürən yuxululuqla və cinsi zəifliklə əvəz olunub. Kəndin 160 nəfərdən ibarət sakini sutkanın necə keçdiyini belə hiss etmədən saatlarla durduqları yerdə yatmağa, bir çox fiziki işləri, maddi və mənəvi istəklərini həyata keçirməkdə, hətta bir-biriləri ilə danışmağa da çətinlik çəkməyə başlayıblar. “Yuxu dəliyi” adı verilən bu xəstəliyin kütləvi yayılması elm adamlarında maraq oyadıb və araşdırmalara start verilib. Alimlər tədqiqat apararaq bu hadisəyə səbəb olan əsas amili aşkar ediblər.
Mütəxəssislərinin kənddən götürdükləri nümunələr əsasında Moskva və Praqada aparılan birgə araşdırmalar zamanı məlum olub ki, illər öncə kəndin yaxınlığında tikilmiş, sonradan istifadəsiz qalmış uran mədənindən yayılan, aktivliyi normadan artıq olan radon qazının illərlə çaylara, içməli su hövzələrinə, əkin sahələrinə, evlərin zirzəmilərinə yayılması səbəbindən yüksək həddə şüalanma baş verib. Alimlərin qənaətinə görə, məhz radon şüalanması nəticəsində sakinlər belə çıxılmaz, anormal vəziyyətə düşüblər. Bəlaya məruz qalan insanların vəziyyətinin son dərəcə təhlükəli olduğu nəzərə alınaraq Qazaxıstan hökuməti təcili tapşırıqlar verib, kənd boşaldılıb, əhali digər əraziyə köçürülüb, ərazi arzuolunmaz, qapalı zona elan edilib.
Azərbaycanda oxşar təhlükəli hadisə baş verməsə də, bu, radon qazı probleminin ölkəmizdə aktual olmaması anlamına gəlmir. Dünyada geniş yayılan, yerin dərinliyindən, tektonik çatlar vasitəsilə yerin üst səthinə çıxan, torpaq qatlarına, su mənbələrinə qarışan rəngsiz və iysiz radon qazı, qeyd etdiyimiz kimi, müxtəlif üsullarla, su axınları və borular, evlərdəki, divarlardakı boşluqlar, qəzalı yarıqlar, eləcə də kanalizasiya və döşəmələrdən sızmaqla məişətə daxil olmaq gücündədir. Həmin mənbələrə toplanan, qapalı mühitdə daha təhlükəli həddə çatan, bir çox xəstəliyə səbəb olan, xüsusən ağciyər xərçəngi təhlükəsi yaradan bu qazın tədqiq edilməsi, həmçinin yaşayış binalarının tikintisi zamanı nəzərə alınmasını vacibdir.
Ölkəmizdə bu istiqamətdə artıq bəzi işlər görülüb. Azərbaycan ərazisini əhatə edən radonun aktivlik xəritəsi tərtib olunub. Radon qazının paylandığı bir sıra ərazilər aşkar edilərək elmi qeydiyyatlar aparılıb. Bu sahədə təhlükəsizlik tədbirlərini daha da gücləndirmək məqsədilə xarici ölkələrlə təcrübə mübadiləsinə də start verilib.
İsveçrədən gətirilən, radon qazını təyin edən, Avropa standartlarına uyğun məşhur “Radon Scout Plus” adlı xüsusi elmi tədqiqat avadanlığının ölkəmizin geofizika alimlərinin, tanınmış mütəxəssislərinin ixtiyarına verilməsindən sonra daha real nəticələr əldə etmək imkanı qazanılıb. Azərbaycanlı alimlər bu avadanlığın köməyilə bir neçə saat ərzində radonun qatılığını təyin etmək, aktivlik müşahidə olunan ərazilərdə lazımi tədbirlər görmək fürsəti əldə ediblər. Məqsəd tikililərdə, yaşayış binalarında radonun miqdarını aşkarlayıb bu qazın vurduğu zərəri minimuma endirmək, radonun yayıldığı evlərdə ventilyasiya sistemi quraşdırmaq, hava çəkən boru və digər qurğuların köməyilə təmizləmə işləri aparmaqdır.
Azərbaycanda radon qazına dair bəzi tədqiqatların nəticələri artıq “Avropanın qapalı mühitində radonun yayılma xəritəsi”nə daxil edilib. Avropa Komissiyası tərəfindən tərtib edilən elektron xəritədə də Azərbaycan ərazisində radon qazının yayılma göstəriciləri qeyd olunub. Bu sahədə artıq xeyli təcrübə qazanan alimlərimizin əməyi sahəsində radon qazının zərərindən qorunmağın yolları Azərbaycanda da aktuallıq kəsb edib.
Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri 2010-cu ildən ölkəmizdə radon qazının yayıldığı əraziləri müəyyən etmək, insanların sağlamlığına zərər vura biləcək riskləri aradan qaldırmaq istiqamətində çalışırlar. İnstitutun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri Əkbər Feyzullayev və İsveçrənin Tətbiqi Elmlər Universiteti alimlərinin birgə başladığı tədqiqatlar qitənin digər ölkələrinin mütəxəssisləri ilə əməkdaşlıq formatında davam etdirilir.
Cənubi İsveçrə Tətbiqi Elmlər Universitetinin və Azərbaycan AMEA Geologiya və Geofizika İnstitutunun alimləri Azərbaycan ərazisində radon qazının yayılması ilə bağlı ikinci bir layihənin də icrasına başlayıblar. “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlanan bu elmi layihə çərçivəsində artıq bəzi nəticələr əldə edilib. Azərbaycanlı alimlər İtaliyanın Verbaniya şəhərində Avropa Komissiyasının təşkil etdiyi və 29 ölkənin, bir çox beynəlxalq qurumun iştirak etdiyi “Avropanın təbii radiasiyalar atlası” seminarında “Azərbaycanda qapalı mühitdə radon təcrübəsi” adlı geniş məruzə ilə çıxış ediblər, öz elmi tədqiqatlarını və təcrübələrini avropalı həmkarları ilə bölüşüblər.
2010-cu ildən üzü bəri ölkəmizdə başlayan və davam edən belə elmi araşdırmaların mühüm hədəflərindən biri Azərbaycanın “radon atlası”na düşən ərazilərdə radonun miqdarının anomal həddi keçdiyi yerləri təyin etməkdir. 2013-cü ildə tərtib olunmuş “Azərbaycan ərazisində radonun həcmi – aktivlik xəritəsi”nin müəllifi olan geologiya və geofizika mütəxəssislərinin tədqiqatları göstərir ki, ölkəmizdə radon qazının normadan artıq olduğu sahələr əsasən dağlıq ərazilərdir. Alimlər radonun aktiv olduğu əsas bölgələrdən biri kimi Qubanı qeyd ediblər. Siyahıda sıx yaşayış yerlərinə Bakı və Abşeron da daxildir.
Radon “ölməz düşmən” deyil. Özünü doğruldan elmi metodların köməyilə onunla səmərəli mübarizə aparmaq mümkündür. Nəzəri və praktik baxımdan bu, həllini tapa bilən, özünü gizlətməyən problemdir. Bu işə ixtisasına uyğun insanları cəlb etməklə, dəyərli mütəxəssislərin əməyindən, texnoloji avadanlıqlardan yararlanmaqla radon qazının yaşayış binalarına hansı səviyyədə təsir göstərdiyini, təhlükənin həddini müəyyənləşdirmək, qabaqlayıcı tədbirlər planı hazırlamaq olar.
Azərbaycanda yeni sayılan bu sahədə bəzi işlər həyata keçirilsə də, bunu hələ qənaətbəxş saymaq mümkün deyil. Yaşayış yerlərində radon qazı təhlükəsindən sığortalanmaq, radonun aktiv olduğu sahələri qabaqcadan müəyyənləşdirmək, sənaye və tikintidə bu sahədə püxtələşən mütəxəssislərin iştirakı ilə bəzi təsiredici vasitələrlə, həmçinin keyfiyyətli, ekoloji baxımdan təmiz sement və suvaqlardan, müxtəlif tikinti materialları qatqılarından istifadə etməklə evlərin və binaların zirzəmisində radon qazının aktivlik həddini aşağı salmaq aktual məsələ kimi hələ qarşımızda durur.
Bir vacib məqam da ictimaiyyətin belə məsələlər haqda maarifləndirilməsidir. Vətəndaşlar radon qazı təhlükəsi barədə məlumatlı olmalı, hazırda yaşadıqları ərazilərdə, yaxud yeni yaşayış sahəsi, yeni mənzil seçərkən radon qazının miqdarı ilə bağlı araşdırmaların aparılmasına təşəbbüs göstərməlidirlər. Hər kəs bilməlidir ki, təhlükəsiz, normativlərə uyğun yaşayış evi həm də tikinti materiallarının ekoloji cəhətdən təmiz olduğu, ərazisi radon yoxlamasından keçmiş ev deməkdir.
Radon qazının yayıldığı ərazi, qazın mənbəyi və fəallıq dərəcəsi radon aspiratorları ilə təyin edilir. Radon sahəsini yalnız bu aparatların köməyilə aşkarlamaq mümkündür. Radon qazı qapalı mühitdə norma həddini daha tez aşdığına görə belə vəziyyətlərdə təcili tədbirlər görülməli, ərazi təhlükəsiz hala gətirilməlidir. İlk növbədə havalandırma qurğuları işə salınmalıdır. Kompleks tədbirlərə içməli suyu sönmüş kömür filtri ilə süzüb qazsız hala gətirmək, evlərin divarlarında havalandırma dəlikləri açmaq, zirzəmilərin döşəmələrini və ümumi sahəni bir neçə dəfə izolə etmək, döşəmədə və divarlarda yaranan çatları təmir edib qapatmaq da daxildir.
Bu qaydalara əməl etməklə yanaşı aşağı mənzillərin (birinci mərtəbənin, zirzəminin və ya zirzəmi tipli mənzillərin) hamısında radon qazının səviyyəsi ölçülməli, norma miqdarı dəqiq təyin edilməli, radonun bu sahəyə inşaat prosesində istifadə edilmiş tikinti materialları vasitəsilə daxil olub-olmadığı müəyyənləşdirilməlidir. Bundan ötrü əlaqədar qurumlara müraciət olunmalıdır. Vətəndaşlar özləri bunu edə bilməzlər. Radon təhlükəsi duyulduqda mütləq dövlət qurumlarına məlumat verilməlidir.