Xalid KAZIMLI
Bu dəfə orta məktəbdə mənə biologiya dərsi demiş Avtandil müəllimdən yazacağam. Bu gün onun doğum günü deyil, amma onun günüdür. 7 iyun və Avtandil müəllim. Onları nəyin birləşdirdiyini bir-iki abzas sonra qeyd edəcəm.
Biz onunla uzun illərdən sonra təxminən bir ay əvvəl ümumi qohumumuzun toyunda görüşdük. Yaxınlaşdım, görüşdüm. Xatirə qalsın deyə şəkil də çəkdirdik.
Avtandil müəllimlə biz qohumuq. Amma onun bizə dərs dediyi illərdə bir dəfə də olsun münasibətlərimizdə qohumluq amili rol oynamadı. Sadəcə, mən onun sevimli şagirdlərindən biri oldum, o da mənim sevimli müəllimlərimdən biri.
Orta məktəbi, institutu bitirdikdən və təyinat yerində iki il çalışaraq yenidən kəndimizə qayıtdıqdan sonra Avtandil müəllimlə yolumuz 7 iyunda kəsişdi.
1992-ci ilin 7 iyunu idi, ölkədə prezident seçkisi keçirilirdi, məntəqə seçki komissiyasının sədri Avtandil müəllim idi, katibi isə mən idim. O, bitərəf idi, heç bir partiyanın, hərəkatın üzvü deyildi, mən cəbhəçiydim.
Bizi o komissiyaya, necə deyərlər, xalq seçmişdi. O zaman ölkədə vəziyyət beləydi ki, prezident seçkisini keçirəcək seçki komissiyalarında partokratlar, hərəkatçılar və bitərəflər təmsil olunmalıydı və seçki prosesi qanuni, şəffaf, dürüst keçirilməliydi.
İcra hakimiyyətinin və rayon sovetinin işçiləri kəndimizə gəlib seçki komissiyasının üzvlərini seçərkən müəllimlər, kənd ağsaqqalları Avtandil müəllimin namizədliyi üzərində dayanmışdılar. Çünki o həm savadlıydı, həm də prinsipial və ədalətliydi.
Məni də xəbərim belə olmadan cəbhəçilər namizəd göstərmişdi.
O zaman ikimiz və digər komissiya üzvləri oturub səs verəcək adamların siyahısını yenilədik. Əziyyətli bir iş idi, amma çatdırdıq.
Məntəqəmizdə səsvermə hüququ olan şəxslərin hamısının adlarını cədvəllərə yazıb idarə binasının önündəki lövhəyə yapışdırdıq.
1992-ci ilin bu günü seçki məntəqəsinin qapısını açıb içəri girəndən və yerlərimizi tutandan sonra Avtandil müəllim üzünü komissiya üzvlərinə və yaxınlıqda olan fəal şəxslərə tutub dedi ki, bu gün burada bir adama iki bülleten verilməyəcək, hər şey obyektiv və dürüst olacaq.
Doğrusu, bizdən saxtakarlıq-filan tələb edən də yox idi. Hər şey bizim vicdanımıza qalmışdı.
Bundan əvvəlki seçkilərdə bir adam bütün ailə üzvlərinin yerinə səs verirdi, bununla belə, insanlar seçkiyə gəlmirdi, çox gəlirdisə, 5-10 faiz seçici məntəqənin qapısından içəri girirdi.
1992-ci ilin 7 iyununda isə vəziyyət fərqli oldu. Səhərdən axşama qədər seçici növbəsi ilə işlədik. Bir stəkan çay içməyə belə vaxt olmadı. Avtandil müəllim başda olmaqla çox obyektiv bir seçki keçirdik. Gerçəkdən də bir adama iki bülleten vermədik. Hətta doğma əmim mənə yaxınlaşaraq növbədə, qapının ağzında gözləyən həyat yoldaşının bülletenini almaq istəyəndə də üzgörənlik etmədik.
Ən qəribəsi isə Avtandil müəllimin və mənim ortaq qohumlarımızın məntəqəyə düz 8 tamamda, məntəqəni bağlı elan etdikdən 5 saniyə sonra gəlməsi oldu. Onlar Elçibəyə səs vermək üçün gəlmişdilər. Amma biz onlara beş saniyə belə güzəştə getmədik, səs vermələrinə imkan yaratmadıq ki, seçkinin obyektivliyinə kölgə düşməsin.
Səslər səliqəli bir şəkildə sayıldı, yetərsay zor-bəla alındı, səhərdən axşama qədər davam edən növbəyə baxmayaraq seçkiyə 52 faiz seçici gəlmişdi. Belə çıxırdı ki, indiyədək keçirilən seçkilərdə məntəqəyə 5 faiz də adam gəlmirmiş.
Bizim məntəqədə Elçibəy 65, Nizami Süleymanov 33 faiz səs almışdı. Yerdə qalan 2 faiz isə o biri namizədlərin arasında bölünmüşdü, hərəsinə 3-4 adam səs vermişdi.
O vaxtdan 25 il keçib, biz ölkədə çox seçkilər, məntəqə sədrləri, katibləri görmüşük. Hər dəfə şəffaf seçkidən söhbət düşəndə gözümün önünə əziz müəllimimin obrazı gəlir. Mənim üçün o, prinsipiallıq, dürüstlük, obyektivlik simvoludur.
Hələ onu da nəzərə alaq ki, o zamana qədər biz heç vaxt seçki komissiyasının üzvü olmamışdıq. Heç ondan sonra da olmadıq.
Sözümün canı odur ki, yaxşı, şəffaf, legitim seçki keçirmək üçün əsas tələb olunan şey təcrübə deyil, obyektiv olandan sonra heç bir çətinliyi yoxdur.
“Yeni Müsavat” qəzeti, 7 iyun 2017
Müəllifin başqa yazıları: • “Əllini aşırdıq…” • Rəqibin qoluna kauçuk qandal, ağzına skotç vurmaq… • Addım-addım “tək əl” sisteminə… • Nursultan nədən neo-sultan olmadı?