Azərbaycanda “Qırmızı kitab”a düşən 300 bitkinin yarıdan çoxu nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir
Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Məmmədovun AZƏRTAC-a müsahibəsi
– Tofiq müəllim, ekologiyanın qorunmasında yaşıllıqların rolunu necə dəyərləndirərdiniz?
– Statistik məlumatlara görə, son vaxtlar iqlim dəyişikliyi, genefondun dağılması, bioloji müxtəlifliyin pozulması az qala nüvə müharibəsi qədər böyük qlobal təhlükə yaradır. Əslində hər şeyin mənbəyi olan torpağa lazım olan mikroelementlər də canlı bir orqanizm kimi qəbul edilməlidir. İqtisadiyyat və sənayenin yüksək sürətlə inkişafı, bir sıra təhlükəli nüvə sınaqları ekoloji vəziyyətə və ətraf mühitin çirklənməsinə olduqca mənfi təsir göstərir. İndi bir sıra xəstəliklərin cavanlaşması, kütləviləşməsi və geniş yayılması da ətraf mühitdə yaranan həmin çirklənmənin nəticəsidir. Ölkənin meşə fondu və təbii bitkilərlə zəngin olan ərazilər ətraf mühitin mühafizəsində aparıcı rol oynayır. Kurortların, müalicəxanaların, istirahət mərkəzlərinin yaşıllıqlar ətrafında təşkil edilməsi heç də təsadüfi deyil.
Azərbaycanın coğrafi mühiti, relyefi, iqlimi və torpaq xüsusiyyətləri Cənubi Qafqazda onun liderlik etməsinə səbəb olub. Ötən əsrin ortalarında Azərbaycanda florasında 4225 növ, onlardan 342-si ağac və kol bitkisi olduğu qeydiyyata alınıb. Bu gün ölkəmizin florasında olan 1146 növ ağac və kol bitkisi mövcuddur. Lakin bununla yanaşı təbiətimizdə nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin sayı kifayət qədər çoxdur. 1974-cü ildə ölkəmizdə olan həmin ağac və kol bitkilərinin sayı 20, 1984-cü ildə 24, 1989-cu ildə 40 növ olduğu göstərilib. Apardığımız tədqiqatlar göstərir ki, bu gün Azərbaycanda nadir ağacların, nəsli kəsilməkdə olan bitki və kolların sayı 188-dir. Bu, təxminən yarım əsri əhatə edən dövr ərzində dörd dəfədən çox artım deməkdir. Əlbəttə ki, bu çox böyük bir təhlükədir. Azərbaycan florasında “Qırmızı kitab”a düşən 300 növ bitki varsa bu, onların da yarıdan çoxunun nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalması deməkdir. Onların sırasına Hirkan şümşadı, dəmirağac, Azad ağacı, palıdın və vələsin bir neçə növü, ağcaqayın, gülçiçəklilər fəsiləsindən bir neçə bitki növü də daxildir.
– Nəsli kəsilməkdə olan bitkilərin qorunması üçün hansı tədbirlər görülür?
– 2005-ci ildən başlayaraq bitki örtüyünün qorunması, mühafizəsi ilə əlaqədar dövlət səviyyəsində bir sıra qərar və qanunlar qəbul olunub. Lakin antropogen amillər yenə də çox böyük risk altındadır. Vaxtilə ölkə ərazisinin 11 faizini meşə fondu təşkil edirdi, indi yeni meşə fondları yaradılsa da, təbii meşə fondu azalaraq 8 faiz həddinə düşüb. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bunun başlıca səbəblərindən biri yeni kompleks və istirahət mərkəzlərinin xeyli bir qisminin meşənin ortasında və ya yaşıllıqların məhv edilməsi hesabına tikilməsidir. Belə olanda həmin ərazilərdə kilometrlərlə ərazi antropogen amillərin təsiri altına düşür.
Nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin bərpası, yeni bitki növlərinin yaradılması sahəsində işlər aparılmalıdır. Biz dendrofloranın həm təbii, həm də mədəni təhlilini aparır, ölkəmizin iqlim şəraitinə uyğun olan yeni bitki növlərinin artırılmasına çalışırıq. İnstitutumuzun gənc doktorantları dekorativ bəzək bitkisi olan maqnoliyanın 7 növünün çoxaldılması sahəsində tədqiqatlar aparırlar. Bundan başqa 40-a yaxın yeni bitki növünün çoxaldılması üzərində işləyirik. Abşeron yarımadasında sezalpiniya, seratoniya, palıdın bir növü və digər bitkilərdən ibarət təbii meşələr salmaq mümkündür. İnstitutumuz bu sahədə xeyli imkana malikdir. Bizdə landşaft memarlığı ilə məşğul olan çox yaxşı mütəxəssislər var. Parkların yaşıllıq təsərrüfatının müasir tələblərə uyğun qurulması, bəzək-bağçılıq sahəsində çoxlu maraqlı təkliflər verə bilərik, yerli şəraiti nəzərə alaraq yeni yaşıllıq zonaları yaratmaq olar, lakin təəssüf ki, bu sahədə yerli mütəxəssislərin imkanlarından lazımınca istifadə olunmur.
– Dendrarinin bitki aləmi barədə nə deyə bilərsiniz?
– Hazırda institutda 3 şöbə və 8 laboratoriya fəaliyyət göstərir. Florada təbii, mədəni və yeni introduksiya edilmiş ağac-kol bitkilərinin biomüxtəlifliyi, bərpası, qorunub saxlanılması üçün elmi-tədqiqat işləri aparılır. Mərdəkan dendrarisində dünyanın müxtəlif ölkələrindən gətirilən ağac və bitki növləri introduksiya olunur. Dendrarinin ərazisində Aralıq dənizi ölkələrindən 260-dan, Avstraliya və Yeni Zelandiyadan 110-dan çox, Qafqazdan 430, Şərqi Asiyadan 180, Orta Asiya florasından 120-dən çox ağac və kol növləri becərilir. Su hovuzlarının ətrafında 240 növdən çox rütubətsevən bitki toplanıb. Bundan başqa tibbi botanika və fitoterapiya laboratoriyasının nəzdindəki kolleksiya sahəsində 375, efir yağlı bitkilər kolleksiyasında isə 120 növ bitki var. Dendraridə ətraflı öyrənilən dərman bitkiləri arasında mərsin, qızılgül, lavanda, yovşanın müxtəlif növ və sortları, o cümlədən pişiknanəsi cinsinə məxsus 25 növ və sortlar becərilir. Hər il ölkəmizin ayrı-ayrı bölgələrinə səfərlər təşkil edilərək həmin regionda bitən bitki növləri dendrariyə gətirilir. İndi kolleksiya sahəsində sədokimilər, dodaqçiçəklilər, mərsinkimilər, mürəkkəbçiçəklilər, gülçiçəklilər, ətirşahkimilər və s. fəsiləsinə məxsus yabanı bitki növləri də becərilir.
– Dendraridəki fond oranjereyası da çox böyük maraq doğurur…
– Həmin oranjereya 20 il əvvəl yaradılıb və bir növ tropik və subtropik bitkilərin canlı muzeyidir və burada bitkilərin bioloji müxtəlifliyi və sənayedə istifadəsi elmi əsaslarla öyrənilir. Oranjereyadakı canlı kolleksiyalar əməkdaşlıq yolu ilə dünyanın müxtəlif ölkələrindəki botanika bağları və dendrologiyalardan gətirilib. Təxminən 900 kvadratmetr ərazidə yerləşən 275 növdən çox istiliksevən bitkilər böyük elmi və estetik əhəmiyyətə malikdir. Sahilyanı və su bitkilərinin ekspozisiyası oranjereyanı daha da zənginləşdirir. Həmin kolleksiyada yetişdirilən 100 növ bitki Beynəlxalq Qırmızı Kitaba salınıb.
– Son vaxtlar institutda yaşıllıqların qorunması sahəsində hansı işlər görülür?
– Abşeron yarımadasının Saray qəsəbəsində institutumuza 2 hektar yeni ərazi ayrılıb. Həmin ərazidə bitkiləri yeni introduksiya etmək, habelə ölkəmizin yaşıllaşdırılmasında indiyədək istifadə edilməyən növlərdən ibarət kompozisiya qurmaq istəyirik. Bundan ötrü son vaxtlar 35 növ toxum növü gətirmişik. Bizi daha çox Aralıq dənizi ölkələrindən bitki növləri mübadilə etməyə üstünlük veririk. Həmin ölkələrdən gətirilən bitki növləri Abşeron yarımadasının iqlim şəraitinə Mərkəzi Avropa ölkələrinə nisbətən daha yaxşı öyrəşir. İtaliya, İspaniya və Misirdən gətirilən bitki növləri iqlim şəraitinə daha tez uyğunlaşır. Maraqlıdır ki, ərazicə yaxın olmağımıza baxmayaq qonşu Gürcüstandan gətirilən bitki növləri Braziliyadan gətirilən növlərə nisbətən torpağımızın iqlim şəraitinə daha çətin öyrəşir. Ona görə də həmin bitkiləri gətirəndə o ərazinin iqlim şəraiti, nisbi rütubəti və digər xüsusiyyətləri arasında oxşarlıq tapılmayanda onların becərilməsindən imtina edirik. Məsələn, Türkiyənin cənub ərazilərindən gətirilən bitkilər Abşeron yarımadasında yetişdirilsə də, şimal hissəsindən gətirilənlər bitmir. Həmçinin 15-dən artıq ölkədən Azərbaycan faunasında geniş yayılmış palıd, şam və digər ağac növlərinin toxumlarını introduksiya etmək üçün bizə müraciət edib. Bu cür mübadilə proqramları beynəlxalq sahədə qəbul edilmiş qaydalardır.