“Əvvəl sağlam ekoloji ideya, şüur, sonra vəsait…”
Novator.az saytının suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı Mirsəlam Qənbərov cavablandırır.
– Qarşıdan 5 iyun Ümumdünya Ətraf Mühit Günü gəlir. Bu münasibətlə Azərbaycanda hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
– Artıq tədbirlər planı hazırlanıb. Planda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi işlər haqqında ictimaiyyətin məlumatlandırılması üçün görüşlər, dəyirmi masalar, məktəblərdə, universitetlərdə, icmalarda, bələdiyyələrdə ekoloji problemlər, bu problemlərin həlli yolları, ətraf mühiti çirkləndirən mənbələr və bu mənbələrdən ayrılan zərərli maddələrin zərərsizləşdirilməsi, yeni texnologiyaların tətbiqi haqqında mövzular seçilib və müzakirə obyektinə çevrilib.
– “Ətraf mühitin mühafizəsi” ifadəsini necə başa düşmək lazımdır? Bu, qarışqadan tutmuş ulduzlaradək hər şeyin mühafizəsi deməkdirmi?
– Tamamilə düzgün və mütərəqqi yanaşmadır. Bu, normal yaşamaq, sağlam olmaq, gözəl görünmək, hər bir canlı və cansız ətraf mühit komponentinin ideal olmasına səy göstərilməsi deməkdir. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Bunun üçün ilk növbədə “sağlam ekoloji şüur” məfhumu formalaşmalıdır və vaxt itirmədən buna nail olunmalıdır. Bu da ilk növbədə ekoloji tərəqqinin formalaşması deməkdir (yeri gəlmişkən, bizim məqsədimiz də elə budur). Hədəf isə bu mühiti yaratmaqdır. Sağlam mühit varsa, gec-tez (mən deyərdim, daha tez) müvəffəqiyyət, nailiyyət əldə olunacaq. Bu isə ekoloji problemlərin həllini tapması deməkdir. Bir sözlə, əvvəl sağlam ekoloji ideya, şüur, sonra vəsait, daha sonra mühafizə olunan ekoloji mühit, aləm və s. Bunun üçün milli qanunvericilik, qoşulduğumuz beynəlxalq konvensiyalar, sazişlər, dünyanın mütərəqqi ekoloji təşkilatlarının yürütdüyü siyasət, hər bir fərdin öz fəaliyyətində ətraf mühitə, onun mühafizəsinə, ekoloji normativə və hüquqi aktların tələblərinə yiyələnmək və bu normalara vicdanla əməl edərək məqsədə nail olmaq lazımdır. Siz demişkən, bu münasibət elə yaxında olan və olmayan, görünən və görünməyən hər şeyin ekoloji mühafizəsi deməkdir.
– Ölkəmizdə ətraf mühitin mühafizəsinə cavabdeh orqanlar hansılardır?
– Öz fəaliyyətində ekoloji ekspertizanın obyekti olan bütün fiziki və hüquqi şəxslər. Əgər fiziki və hüquqi şəxs fəaliyyətində ətraf mühit komponentlərinə fiziki mənfi təsir göstərirsə, zərərli maddələr əmələ gətirirsə, ekoloji tarazlığın pozulmasında payı varsa, o bunu bərpa etməli, bu istiqamətdə nailiyyətə, yeniliyə səy göstərməli, çalışmalıdır. Başqa sözlə, əldə etdiyi mənfəətdən, gəlirdən özünün yaratdığı ekoloji pozuntunu aradan qaldırmaq, tarazlığı bərpa etmək üçün bu və ya digər formada maliyyə vəsaiti xərcləməlidir. Problemin həlli üçün bu sahə ilə məşğul olan və bu siyasəti həyata keçirənlərlə iş birliyi yaratmalı, qanunvericilikdən irəli gələn öhdəlikləri müzakirə etmədən yerinə yetirməlidir.
Tullantı yaradan, ekoloji tarazlığın pozulmasında iştirakı olan müəssisə və təşkilatlar ətraf mühitin mühafizəsinə cavabdehdir. Bu təşkilatlarda istehsalat, xidmət işlərinin düzgün qurulmasına nəzarət edən müəssisədaxili ekologiya idarələri və şöbələr mövcuddur. Dövlət orqanı kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları və s. ətraf mühitin mühafizəsinə cavabdeh qurumlardır.
– Azərbaycanda ətraf mühitin mühafizəsi baxımından ən aktual problemlər hansılardır?
– Ümumilikdə meşələrin, parkların, qoruqların, yasaqlıqların, digər xüsusi mühafizə olunan ərazilərin artırılması və müfəssəl qorunması, bu istiqamətdə neqativ halların kökündən kəsilməsi üçün kompleks mütərəqqi metodların yaradılması aktual problemlərdir. Belə problemlər sırasına arid zonalarda, düzənliklərdə, şoranlaşmış və şorakət ərazilərdə torpaqların aqromeliorativ düzənlənməsi, sənaye obyektlərində mütərəqqi texnologiyaların tətbiqi və yaranan tullantı sularının təmizlənərək ondan düzgün istifadə olunması və ya su hövzəsinə tökülməsi (yağış, drenaj, istehsalat, məişət sularının mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması), əmələ gələn bütün növ tullantıların qanunauyğun idarə olunması kimi məsələlər daxildir. Eyni zamanda neft və neft məhsulları ilə və digər müxtəlif mənşəli zibillərlə çirklənmiş ərazilərin bərpası və bu sistemin düzgün idarə olunması, yanacağa və nəqliyyat vasitələrinə münasibətdə yeni yanaşmaların zəruriliyi və bu sahədə dünyada mövcud olan praktikanın tətbiqi, iri şəhərlərdə və regionlarda zibil çeşidləmə və yandırma zavodlarının yaradılması da çox aktualdır.
Şübhəsiz ki, təbii resursların qorunması və onlardan düzgün və səmərəli istifadənin təmin edilməsi, normativ təmiz içməli suya çıxışı olmayan əhalinin içməli su ilə təminatı və çirklənmiş tullantı sularının düzgün idarə olunaraq ondan istifadə metodlarının yaradılması, Kür, Araz çaylarının xarici çirklənmədən qorunması yollarının beynəlxalq səviyyədə möhkəmləndirilməsi, şəhərsalma sisteminin yaradılması, Xəzər dənizinin çirklənmədən qorunması və onun bioloji sərvətlərinin artırılması istiqamətində bu gün qəbul olunan yeni yanaşma və əməli tədbirlərin yubanmadan həyata keçirilməsi də aktual problemlər sırasında qeyd edilməlidir.
– Ölkəmizdə tez-tez ağacəkmə aksiyaları keçirilir. Ancaq əkilən ağacların heç də hamısı qol-budaq atmır. Bu istiqamətdə hansısa araşdırma aparılırmı, nəzarət həyata keçirilirmi? Əkilən ağacların neçə faizinin quruduğu bəllidirmi?
– Bütün suallarınızın məsuliyyət və səmimiyyətlə cavablandırılmasına çalışıram. Bu sualınıza isə daha diqqətli yanaşıram. Sizinlə razıyam ki, ölkədə ağacəkmə aksiyaları keçirilir. Ancaq bu aksiyalar müxtəlif və fərqli formada olur. Həmin formalar geniş texnologiyaları əhatə edir və bunun özü uzun bir söhbətin mövzusudur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi aksiyalar qəbul olunan və sınaqdan keçirilən qaydada təmin edilir. Bizim əkdiyimiz ağacların bitmə qabiliyyəti yüzdə 95-98 faizdir. Tək-tük xəstə olan və ya quruyan ağacların yerində yeniləri əkilərək böyüdülür.
Əkdiyimiz ağacların bitmə qabiliyyətinin yüzdə 95-98 faiz olması bir sıra faktorla bağlıdır. İlk növbədə uyğun ərazi seçilir, onun təbii şəraiti çox diqqətlə öyrənilərək təhlil olunur və həmin ərazinin relyefinə, torpağın tərkibinə görə əkilməsi nəzərdə tutulan ağaclar seçilərək gətirilir. Bununla paralel infrastruktur, yəni magistral su kəmərinin çəkilişi, damcılama su şəbəkəsi sistemi və digər tələb olunan zəruri infrastruktur sahələri yaradılır. Yalnız maşın və mexanizmlər vasitəsilə şırımlar açılır, bu texniki vasitələrlə çalalar qazılır, əvvəlcədən ağacların əkilməsi üçün torpaq-gübrə qarışığı gətirilərək çalaların ətrafında yerləşdirilir və aqromeliorativ qaydada aksiya başa çatdırılaraq sahə nəzarətçilərinə təhvil verilir. Məlumat üçün bildirim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu sahənin icrasını bütün texniki və insan resursları ilə təmin olunmuş səhmdar cəmiyyət həyata keçirir, xidmətin tənzimlənməsi təmin edilir. Bəzi hallarda iməciliklər təşkil olunur və bura cəlb edilən insanlar sadəcə təlimata uyğun öz töhfələrini verirlər. Bütün idarəetməni səhmdar cəmiyyət yerinə yetirir.
Unutmaq lazım deyil ki, siz deyən problemlər başqa təşkilatların işində baş verir. Bu sahədə peşəkarlıq və texniki imkanlar vacib şərtdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə həmişə maarifləndirmə, dinləyici kursları keçirməyə maraqlıdır və buna hazırdır, təki həyata keçirilən işlər faydalı və səmərəli olsun. Ona görə də xahiş edirəm başqalarının səhvini bizim ayağımıza yazmayın – bunu bir az zarafatla deyirəm, təbii ki…
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan ərazilər həmişə nəzarətdədir, dediyim kimi bu fəaliyyəti tənzimləyən xüsusi qurum var və onun işi məhz sizin qeyd etdiyinizlə məşğul olmaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırda dəniz suyunu duzsuzlaşdırma qurğuları var. Bu qurğular çox effektli formada istismar olunur. Nazirlik həmçinin güclü imkanlara malik texniki qurğular, maşın və mexanizmlərlə təchiz edilib.
– İl ərzində ətraf mühitin mühafizəsinə dövlət büdcəsindən nə qədər vəsait xərclənir?
– Qeyd etdiyim kimi, bu sahə ilə məşğul olan infrastruktur sistemi var. Hazırda bu sualınızı cavablandırmaq iqtidarında deyiləm, ancaq bu, çətin sual deyil, müəyyənləşdirmək olar, sadəcə mən bu məsələlərlə məşğul deyiləm.
– Ətraf mühitin mühafizəsi işində Azərbaycana hansı qonşu ölkələr və hansı problemləri yaradır? Həmin problemlərin həlli üçün ölkəmiz nə kimi addımlar atır?
– Bilirsiniz ki, ölkəmiz atmosfer havası və su mənbələri üzrə transsərhəd çirklənmələrə məruz qalır. Bu, transsərhəd hava, Kür və Araz çayları ilə baş verir. Qonşu sərhəd ölkələrdə çaylarımız güclü çirklənməyə məruz qalır. Buna nəzarət sərhəd rayonlarında – Ağstafa və Beyləqanda laborator müayinələr vasitəsilə həyata keçirilir. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus 2 kompleks laboratoriya bu funksiyanı yerinə yetirir, nəticələr isə mütəmadi nazirliyin saytında yerləşdirilir. Bundan başqa Ermənistan öz ərazilərindən, həm də işğal etdiyi ərazilərdən xüsusilə mis, molibden və digər filizlərin istismarında bizim əraziləri (relyef şəraiti ilə) qəsdən mütəmadi olaraq ağır metallarla (xüsusilə su mühitini) çirklənməyə məruz qoyur. Hətta Metsamor Atom Elektrik Stansiyasının təhlükəli tullantıları ilə ərazilərimiz çirklənməyə məruz qalır.
Bizim ölkəmiz ətraf mühit sahəsində qlobal, regional və milli səviyyədə 21 beynəlxalq konvensiyanın üzvüdür. Qürurla qeyd olunmalıdır ki, ölkəmiz bu öhdəlikləri tam həcmdə şərəflə yerinə yetirir. Düşmən bu istiqamətdə bizim üçün zəruri olan konvensiyalara qoşulmur və şərəfsiz əməllərindən əl çəkmir. Yeri gəlmişkən, Gürcüstan da transsərhəd su çirklənmələri üzrə konvensiyaya qoşulmayıb. Biz baş verənləri və haqsızlıqları daima imkan daxilində beynəlxalq səviyyədə qaldırır, işıqlandırırıq, haqq səsimizi, sözümüzü çatdırır, bu problemlərin həllinə maksimum cəhd göstəririk.