“Mənə qarşı ittihamlar böhtandır, özümü qətiyyən təqsirli bilmirəm. Həbsim siyasi fəaliyyətim – “Azadlıq” qəzeti və AXCP sədri Əli Kərimlinin köməkçisi olmağıma görədir”. AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli iyunun 1-i Səbail Rayon Məhkəməsində keçirilən prosesdə belə deyib.
Novator.az bildirir ki, 2016-cı il avqustun 20-də tutulan Faiq Əmirlini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin tərəfdaşı kimi təqdim edib, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınmasında günahlandırıb. Sonradan Faiq Əmirliyə xeyli miqdarda vergidən yayınma ittihamı da irəli sürülüb.
Maliyyə direktoru “Azadlıq” qəzetinin gəlirini az göstərməklə 39 min manat vergidən yayınmada və Fətullah Gülən ideyalarını “Azadlıq” qəzetində yaymaq niyyətində suçlanır.
Faiq Əmirli həbs ediləndən “Azadlıq”ın bank əməliyyatı aparması mümkün olmayıb, 2016-cı il sentyabrın 5-də qəzetin çapı dayanıb.
Azadliq.info-nun məlumatına görə, iyunun 1-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Vüsal Abdullayev ittiham aktını elan edib. İttihamda iddia olunur ki, Faiq Əmirli KİV-də, o cümlədən “Azadlıq” qəzetində Fətullah Gülən ideyalarını yaymaq niyyəti ilə disklər əldə edib saxlayıb, qəzetin satışını az göstərməklə 39 min manat vergidən yayınıb.
Faiq Əmirli ittiham üzrə özünü təqsirli bilməyərək deyib: “Hər iki ittiham qondarmadır. Avqustun 20-də evdən çıxanda 6 nəfər mənə yaxınlaşdı. Özlərini təqdim elədilər, vəsiqə göstərmədilər, amma dedilər ki, DTX və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Mənə bildirdilər ki, həbs olunursan.
Düzü, nəzakətlə davrandılar. Maşının açarını və telefonu istədilər. Maşının açarını istəyəndə bildim ki, nəsə atacaqlar. Düşündüm ki, ya silah olar, ya narkotik. Məni başqa maşına mindirdilər, altı nəfərin üçü mənimlə getdi, üçü maşınımın yanında qaldı. Təxminən 45 dəqiqə maşında şəhəri gəzdirəndən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirdilər. Elə hesablamışdılar ki, mən prokurorluğa çatana qədər onlar da maşına qoymalı olduqlarını qoysunlar.
Prokurorluqda gətirib açarı mənə verdilər. Sonradan bildim ki, maşınıma Fətullah Gülənin kitablarını, disklərini qoyublarmış. Mən ümumiyyətlə elə kitablar oxuyan deyiləm. Hətta məsələ qaldırdım ki, o kitabların üzərindəki əl izləri ilə bağlı ekspertiza keçirilsin, eləmədilər. On ay bu ittihamla istintaq altında saxlanmışam, heç kim heç nə soruşmayıb. Mən Fətullah Gülənin adını ilk dəfə Türkiyə hadisələrindən sonra eşitmişəm”.
“Azadlıq” qəzeti ilə bağlı ittihamlara gəlincə, Faiq Əmirli deyir ki, vergi orqanı rəqəmləri şişirdib: “Mənim iştirakım olmadan özləri istədikləri qiyməti hesablayıblar. Mən “Azadlıq” qəzetində 2011-ci ildən işləmişəm, bunlar 2010-dan hesablama aparıblar. 2010-da olanların mənə nə aidiyyəti var? Özləri istədikləri rəqəmləri yazıb akt tərtib ediblər, gətirib qoydular qabağıma, mən də imzalamadım. Mənim “Azadlıq” qəzetində işim texniki məsələlərə baxmaq olub. Mən qəzetin çapına, firmalara paylanmasına, qayıdan nüsxələrə baxmışam. Günüm yayım firmalarının zirzəmilərində keçirdi. Simvolik olaraq qəzetin direktoru adlanırdım, amma işim bu idi. Guya mən rəhbər vəzifəli şəxs olaraq vəzifədən istifadə eləmişəm. Hansı vəzifə? Vəzifə sahibinin əlinin altında işçiləri olar. On aydır məni heç bir günahım olmadan həbsdə saxlayırlar”.
Faiq Əmirlinin məhkəməsi iyunun 12-də davam edəcək.