Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı açıqlama verib.
Novator.az-ın məlumatına görə, iyunun 1-i Tbilisidə brifinq keçirən nazir deyib ki, Gürcüstanın rəsmi orqanlarının Əfqan Muxtarlının tutularaq Azərbaycana təhvil verilməsi işində hər hansı iştirakı olmayıb: “Mən bütün məsuliyyətimlə bəyan edirəm ki, Gürcüstanın hüquq mühafizə orqanlarının bu işlə bağlılığı yoxdur, ola da bilməz”.
Georgi Mqebrişvili qeyd edib ki, Azərbaycan tərəfi Tbilisiyə Gürcüstanda yaşayan vətəndaşlarının Bakıya verilməsi ilə bağlı hər hansı rəsmi və qeyri-rəsmi müraciət ünvanlamayıb.
Nazir bildirib ki, Əfqan Muxtarlının Tbilisidə yoxa çıxması ilə əlaqədar istintaq gedir və bütün detallar aşkara çıxarılacaq, bütün suallara cavab veriləcək.
Nazir deyib ki, Gürcüstanın hüquq mühafizə orqanları Əfqan Muxtarlının yoxa çıxması barədə məlumat alandan azərbaycanlı həmkarları ilə sıx əlaqədədirlər: “Azərbaycanlı həmkarlar Əfqan Muxtarlının Balakən rayonu ərazisində tutulduğunu bildirir. Bu, hələlik yeganə rəsmi açıqlamadır”.
Georgi Mqebrişvili kiminsə Gürcüstan sərhədindən sərhəd xidmətinin nəzarəti olmadan keçməsi ehtimalının az olduğunu vurğulayıb.
Əfqan Muxtarlı mayın 29-da tutulub. Müdafiəçiləri bildirir ki, o, Gürcüstan paytaxtında tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra saxlanılıb.
Mayın 31-də Səbail Rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.
Gürcüstanın Daxili İşlər Nazirliyində Əfqan Muxtarlının tutulması ilə bağlı cinayət işinə başlanıb. Cinayət işi qanunsuz azadlıqdan məhrumetmə motivi ilə aparılır.
Novator.az bildirir ki, Əfqan Muxtarlı 9 yanvar 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Ölkənin bir neçə media orqanında çalışıb, son illər Tbilisidə yaşayıb.