“Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır”. Prezident İlham Əliyev mayın 31-i Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında belə deyib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan neftin vətənidir: “Sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarılıb. Bu il yeni tarixi sənədlər aşkarlandı. Mən bir müddət bundan əvvəl göstəriş vermişdim ki, dünyanın müxtəlif kitabxanalarında, muzeylərdə mövcud olan sənədlər bir daha nəzərdən keçirilsin və daha dəqiq məlumat əldə edilsin. Bu məlumat əsasında yeni tarixi sənədlər üzə çıxıb. Sənədlər göstərir ki, 1846-cı ildə Azərbaycanda, Bakının Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyudan neft çıxarılıb. Bu il biz o əlamətdar hadisəni qeyd etmək üçün həmin ərazidə o köhnə neft quyusunun abidəsini ucaltdıq və əminəm ki, Bakıya gələn turistlər üçün bu sahə çox böyük maraq doğuracaq.
Keçən əsrin ortalarında dünya miqyasında ilk dəfə dənizdə neft Azərbaycanda – Xəzər dənizində çıxarılıb. Dənizdə neft hasilatının vətəni də demək olar ki, Azərbaycandır, Xəzər dənizidir.
Neft sənayesi Azərbaycanda sovet dövründə də inkişaf edib. İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan neftçilərinin töhfəsi əvəzolunmazdır. Yanacağın 70-80 faizini Azərbaycan neftçiləri təmin edib və əgər belə olmasaydı, müharibənin nəticələri başqa cür ola bilərdi.
1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafı daha geniş vüsət alıb. Bir çox önəmli layihələr icra edilib. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Ancaq əfsuslar olsun ki, müstəqillik ərəfəsində və müstəqilliyimizin ilk illərində neft sənayesi Azərbaycanda tənəzzülə uğradı. Neft və qaz hasilatı kəskin aşağı düşmüş, Azərbaycan dinamik inkişaf templərini demək olar ki, itirmişdi. Eyni zamanda vaxtilə heç bir ekoloji standartlara uyğun olmayan hasilat nəticəsində Bakının və Abşeron yarımadasının böyük əraziləri neftlə çirklənib. Hazırda biz o çirklənmiş yerləri təmizləyirik, orada çox böyük ekoloji layihələr icra edilir və o cümlədən məşhur Bibiheybət ərazisi bu gün ekoloji məkana, yaşıl məkana çevrilib”.
Prezident deyib ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir: “Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün Cənub Qaz Dəhlizi icra edilə bilməzdi. Əgər nəqliyyat layihələri icra olunmasa idi, – bu gün Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi reallaşır, – heç kim heç vaxt bu layihəyə vəsait qoymazdı.
“Əsrin kontraktı”nın icrası da uğurlu istiqamətdə aparılır. Bu gün biz “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının gələcək fəaliyyəti haqqında düşünürük və ümid edirəm ki, yaxın gələcəkdə bu layihənin uzadılması haqqında xarici investorlarla razılığa gələcəyik. Çünki “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə uzunmüddətli dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün biz indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik”.
“Şahdəniz” layihəsi üzrə kontraktın 1996-cı ildə imzalandığını xatırladan dövlət başçısı deyib: “O vaxt Azərbaycan ancaq neft ölkəsi kimi tanınırdı. “Şahdəniz” layihəsinin icrası Azərbaycanı həm neft, həm qaz hasil edən, ixrac edən ölkəyə çevirdi. Bu gün “Şahdəniz” layihəsi olmadan biz regional əməkdaşlığı təsəvvür edə bilmərik. Çünki “Şahdəniz” layihəsi məhz enerji təhlükəsizliyi məsələlərini həll edən layihədir. Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Hər şey enerjidən asılıdır. Təbii qaz, – əlbəttə, əgər biz bərpaolunan enerjiləri nəzərə almasaq, – ən ucuz və ekoloji cəhətdən ən təmiz enerji mənbəyidir. İnkişaf etmiş ölkələrin iqtisadi yüksəlişi də enerji mənbələri ilə bilavasitə əlaqəlidir. Xoşbəxtlikdən Azərbaycanın həm neft, həm qaz ehtiyatları kifayət qədər böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Beləliklə, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır.
“Şahdəniz” yatağının işlənməsi artıq neçə ildir ki, davam etdirilir. Biz eyni zamanda bu illər ərzində çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsini yarada bilmişik. Onların içində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri xüsusi yer tutur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq on ildir ki, istismardadır. Bütün bunlar tarixi layihələrdir. Əgər bunlar olmasaydı, o layihələrə sərmayə qoyulmasaydı, biz öz enerji resurslarımızı heç bir yerə ixrac edə bilməzdik. Çünki biz qapalı bir ərazidə yaşayırıq, okeanlara, açıq dənizlərə çıxışımız yoxdur. Belə olan halda neft-qaz kəmərləri bizim enerji resurslarımızı xarici bazarlara çıxarır. Burada təkcə iqtisadi tərəf kifayət etməz, burada mütləq regional əməkdaşlıq olmalıdır. Biz tərəfdaşlarla birlikdə bu əməkdaşlığı yaratmışıq və möhkəmləndiririk. Azərbaycanın neft-qaz layihələri eyni zamanda regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır.
“Şahdəniz” layihəsinin ikinci fazasının işlənməsi də uğurla davam etdirilir. Bildiyiniz kimi, bu gün biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq və bu, dünya miqyasında nadir bir layihədir, Avropa məkanında infrastruktur layihələri arasında birincidir. Bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulub. Cənub Qaz Dəhlizinin dörd seqmentində işlər uğurla gedir.
Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizlik məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır. Enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir. Çünki bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə ilk növbədə yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni mənbə Azərbaycandır. Böyük mənbədir, yaxında yerləşən mənbədir”.