Milli Məclisin 31 may iclasında 2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat qəbul edilib. AZƏRTAC-ın məlumatına görə, Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata dair rəyində deyilir ki, bu il yanvarın 1-nə dövlət borcunun ümumi məbləği (xarici və daxili) 13 milyard 471,4 milyon manat, 2016-cı il üzrə ÜDM-ə nisbəti 22,5 faiz, adambaşına düşən borc isə 1373,2 manat olub.
Sənəddə bildirilir ki, ümumi dövlət borcu məbləğinin 90,9 faizi xarici dövlət borcuna, 9,1 faizi daxili dövlət borcuna aid olub: “Xarici dövlət borcunda kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan vəsait 10 milyard 931,8 milyon ABŞ dolları, istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlər üzrə isə 6 milyard 913,2 milyon ABŞ dolları təşkil edib. Xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin həcmi 2016-cı il ərzində 683,6 milyon ABŞ dolları və ya 62,7 faiz azalıb”.
Hesablama Palatası rəyində hesabat ili ərzində daxili borcun 73,5 faiz azaldığını da qeyd edib.
Rəyə əsasən, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1 faiz icra edilib: “Hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7 faiz və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib. Bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5 faiz az olub.
2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıq ödəmə məbləği 2015-ci illə müqayisədə 18,2 faiz artıb, ümumi artıq ödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb.
Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib və azalmanın 55,6 faizi verginin əsas məbləği, 39,7 faizi faiz borcları və 4,7 faizi isə maliyyə sanksiyaları ilə bağlı olub”.
Hesabata görə, 2016-cı ildə dövlət büdcəsinin xərcləri 96 faiz icra edilib.