Jurnalist Əfqan Muxtarlı Gürcüstanın paytaxtında tutularaq Bakıya gətirilib.
Vəkil Elçin Sadıqov jurnalistlərə bildirib ki, Əfqan Muxtarlını mayın 29-u saat 18 radələrində naməlum şəxslər Tbilisidə saxlayıblar. Onu zorla maşına mindirib, gözlərini bağlayıblar.
Əfqan Muxtarlı vəkilə yolda iki dəfə maşının dəyişdiyini, Azərbaycan sərhədində cibinə 10 min avro pul qoyulduğunu deyib. Jurnalistin üstündə hər hansı sənədi olmayıb.
Elçin Sadıqov Dövlət Sərhəd Xidmətinin Əfqan Muxtarlıya Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürdüyünü deyib.
Əfqan Muxtarlı mayın 30-da Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə yerləşdirilib.
1974-cü ildə doğulmuş Əfqan Muxtarlı Qarabağ müharibəsi veteranıdır. Ölkənin bir neçə media orqanında çalışıb, son illər Tbilisidə yaşayıb.