AXCP sədrinin müavini Gözəl Bayramlının işi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə şikayətlər verilib. Novator.az bildirir ki, vəkil Elçin Sadıqov mayın 30-da bu haqda məlumat yayıb.
Birinci şikayətdə Gözəl Bayramlı barədə həbs qətimkan tədbirinin ləğvi tələb olunur, onun mayın 25-də saxlanarkən qeyri-insani rəftara məruz qaldığı vurğulanır.
İkinci şikayət AXCP sədrinin müavininin yaşadığı və qeydiyyatda olduğu evlərdə axtarış barədədir. Vəkil bildirir ki, axtarış və götürmə üçün məhkəmə qərarı təqdim edilib, amma həmin əməliyyatlar üçün qanuni əsaslar olmayıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, mayın 25-i saat 22 radələrində Gözəl Bayramlı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanıb, onun üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Gözəl Bayramlı Bakıya mayın 26-da gətirilib, mayın 27-nə keçən gecə Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Mayın 26-da Gözəl Bayramlının yaşadığı və qeydiyyatda olduğu ünvanlarda axtarış aparılıb. Gözəl Bayramlının Bakının Qaraçuxur qəsəbəsində yaşadığı evdən və Nərimanov rayonunda qeydiyyatda olduğu qohumlarının evindən bəzi sənədlər və əşyalar götürülüb.
Gözəl Bayramlı hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.
AXCP, bir sıra digər müxalifət təmsilçiləri, hüquq müdafiəçiləri Gözəl Bayramlının həbsini siyasi sifariş sayır.