Mayın 30-da Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda AXCP sədrinin müavini Gözəl Bayramlının 25 may 2017-ci ildə Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarəti məntəqəsini keçməklə Gürcüstandan Azərbaycana gələrkən 12 min ABŞ dolları məbləğində nağd pul vəsaitini bəyan etməyərək əl yükünün içərisində keçirdikdən sonra tutulduğu xatırladılır.
Qeyd olunur ki, faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, mayın 26-da Gözəl Bayramlıya ittiham elan edilib və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, məhkəmə qərarları əsasında Gözəl Bayramlının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu, Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb və mənzillərdən 1000 avro məbləğində nağd pul, Gözəl Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5076 və 4982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb: “İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib, lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib”.