Mayın 26-sı Bakının “Buta” sarayında Respublika Günü münasibətilə rəsmi qəbulda çıxış edən prezident İlham Əliyev qarşıda duran vəzifələr haqqında da danışıb. O deyib ki, Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir: “Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda düzgün siyasət aparmaqla.
Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaq. Eyni zamanda Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq.
Biz ilk növbədə öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rifahımız haqqında düşünürük. Əgər hansısa beynəlxalq təklif və təşəbbüs bizim maraqlarımızla üst-üstə düşürsə, buna müsbət yanaşa bilərik. Ancaq ilk növbədə milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rahatlığı, firavanlığı və ölkəmizin təhlükəsizliyi məsələləri ön plandadır, xüsusilə indiki şəraitdə.
Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir və bizə qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü beynəlxalq vəziyyət bir daha göstərir ki, bu, yeganə düzgün siyasətdir. Çünki bu gün bölgədə, dünyada risklər, təhlükələr artır, təhlükə mənbələri genişlənir, əfsuslar olsun ki, bizim coğrafiyamızda sabitlik təmin edilmir, əksinə, ildən-ilə vəziyyət daha da gərginləşir. Ona görə təhlükəsizlik məsələləri ön planda olmalıdır.
Bununla bərabər Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaq.
Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq. Biz indi bir çox ölkələr üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Həmkarlarım və təmasda olduğum xarici qonaqlar bunun sirrini öyrənmək üçün mənə dəfələrlə suallar verirdilər. Bunun sirri çox sadədir. Sadəcə olaraq düzgün siyasət aparılmalıdır, inkişaf olmalıdır, savadlılıq artmalıdır, milli və dini siyasət düzgün aparılmalıdır”.
Novator.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz, sabit olmayan ölkələrə heç kim sərmayə qoymaz, heç kim turist kimi gəlməz, belə ölkələrlə heç kim gözəl münasibətlər qurmağa çalışmaz: “Ona görə sabitlik hər bir ölkənin əsas amilidir, inkişafın əsas amilidir. Ancaq sabitliyi inzibati yollarla əldə etmək mümkün deyil. Bu, müvəqqəti olacaq. İndi bir neçə ölkədə xüsusi təhlükəsizlik tədbirləri görülür, xüsusi rejim tətbiq olunur. Bu, inzibati yollardır. Amma sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz bu sabitliyi yaratmışıq və Azərbaycanda hökm sürən sabitliyin təməlində xalq-iqtidar birliyi, bizim siyasətimiz və əldə edilmiş uğurlar dayanır. Ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb”.
İlham Əliyev Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-Amerika zirvə görüşünə toxunaraq deyib: “Azərbaycan bu zirvədə yüksək səviyyədə iştirak edib. Hesab edirəm ki, bu zirvənin çox böyük mənası var. İlk növbədə müsəlman aləmi həmrəylik nümayiş etdirib və təqdirəlayiq haldır ki, Amerika prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edib. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika prezidentinin böyük hörmətinin əlamətidir. Yəni bu səfərin və zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir və orada Amerika prezidentinin səsləndirdiyi fikirlər çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o dedi ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir.
Ümid edirəm ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq və bizim işimizə qarışma cəhdləri aradan götürüləcək. Onsuz da bu ildən başlayaraq Amerika rəhbərliyində dəyişikliklər oldu və görürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür. Biz bunu alqışlayırıq və ümid edirik ki, bu, davam etdiriləcək. Çünki yeganə düzgün siyasət də məhz budur. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, əgər ölkələr bir-birinin işinə qarışmasalar, onda nə müharibə, nə münaqişə olacaq, ancaq sülh olacaq, əməkdaşlıq olacaq.
Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb və heç vaxt qoymayıb və qoymayacaq ki, kimsə gəlib bizim işimizə qarışsın, bizə dərs desin və bizə yuxarıdan aşağı baxsın. Azərbaycan ləyaqətli dövlətdir. Öz qürurumuzu qorumuşuq və qoruyacağıq”.