Ramid İbrahimov: “Məmurlardan çox bizə inanırlar”
Ramid İbrahimov istər jurnalist, istərsə də bloqçu, sosial şəbəkə fəalı kimi ekoloji problemləri daima diqqətdə saxlayan gənclərdəndir. Novator.az-ın onunla söhbəti də elə bu mövzudadır.
– Ramid bəy, gənc jurnalistlərdə, əslində ümumən jurnalistlərdə, o cümlədən sosial şəbəkə fəallarında, bloqçularda ekoloji sahəyə maraq, bu sahə üzrə ixtisaslaşmağa meyl zəif duyulur. Bunu necə izah edərdiniz? Axı ekologiya heç də ikinci dərəcəli bir sahə deyil, çox ciddi və geniş, həyatımızı hər yandan əhatələmiş bir sahədir…
– Bizim cəmiyyətdə məşhur olan “mən siyasətə qarışmıram” ifadəsi var. Amma siyasət hər kəsin həyatına və işinə addımbaşı qarışır. Bu reaksiyanı ətraf mühitə biganə yanaşan vəzifəli, hüquqi və fiziki şəxslərə də vermək olar. İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır və həyatımızda, fəaliyyətimizdə təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Bildiyimiz odur ki, hər kəs sağlam ətraf mühitdə yaşamalıdır.
Azərbaycan Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ var. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Qanunvericiliyə görə, dövlət ekoloji tarazlığın saxlanmasına təminat verir. Amma bu istiqamətdə dövlət siyasətini tənzimləyən qurumların fəaliyyəti qənaətbəxş deyil.
Dəfələrlə meşə massivində və meşə fonduna daxil olmayan ərazilərdə ağacların qanunsuz qırılması, dənizə çirkab sularının axıdılması, sahilboyu ərazilərin zəbt olunması ilə bağlı reportajlar hazırlamışam. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin və hüquq mühafizə orqanları əməkdaşlarının məsələyə qeyri-adekvat reaksiyası ətraf mühitə ciddi ziyan vurur. Təbiətə qənim kəsilənlər kiçik məbləğdə cərimələrlə məsuliyyətdən kənarda qalırlar. Bu vəziyyət insanların ətraf mühitə olan münasibətinə mənfi təsir göstərir.
Ekoloji problemlərə mütəmadi müraciət edən jurnalistlərin və bloqçuların sayı da azdır. Ümumilikdə bu problemi inzibati yolla həll etmək mümkün deyil. Davamlı olaraq maarifləndirmə işinin təşkil olunmasına ehtiyac var. Mən jurnalist və bloqçu olaraq üzərimə düşən vəzifəni həyata keçirməyə çalışıram. Belə ki, ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda sosial şəbəkələrdə istifadəçiləri məlumatlandırıram. Hazırladığım reportaj və araşdırmada problemi yaradan səbəbi və onun həlli yolunu qanunvericilik və təcrübə ilə əsaslandırmağa çalışıram.
– Siz sosial şəbəkədə, bloqunuzda ekoloji problemləri qaldırır, bu barədə yazır, araşdırma aparır, fotoşəkillər paylaşırsınız. KİV-in ekoloji problemləri aktuallaşdırması istiqamətində rolu az-çox bəllidir. Bəs sosial şəbəkələr ekoloji problemlərin aktuallaşmasında rol oynaya bilirmi?
– Sosial media əlçatan olduğuna, ikitərəfli ünsiyyət imkanlarına və rahatlığına görə xeyli insanı əhatə edir və cəmiyyətə daha çox təsir edir. Müasir rabitə vasitələrinə sahib olan istifadəçilər qarşılaşdıqları hadisələri şəklini və videosunu çəkib ictimailəşdirir. Hətta canlı yayım etmək imkanı var. Mən də dəfələrlə bu imkandan istifadə etmişəm. “Facebook” və “Twitter” səhifələrimdə, “Blogspot”dakı bloqumda, “Youtube” kanalımda ekoloji problemləri ictimailəşdirirəm.
İstənilən məsələdə olduğu kimi ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin aktullaşmasında da sosial şəbəkələrin rolu danılmazdır. Ancaq adamların əksəri bu mövzuda məlumatsız olduğundan hadisəni təqdim etməkdə çətinlik çəkirlər. Odur ki, bloqçuların ekoloji problemlə bağlı məsələlərdə aktiv olmasına ehtiyac var.
Bu günlərdə sosial mediada müzakirəyə səbəb olan problemlərdən biri də Bakının mərkəzində “Tarqovı” adlanan yerdə ağacı qurutmaq üçün onu deşib içərisinə benzinin tökülməsi faktı oldu. Bu problemi ictimailəşdirən mən oldum. Mən isə bu hadisədən sosial şəbəkə vasitəsi ilə xəbər tutmuşdum. “Facebook” profilimin izləyicilərindən biri mənə “Siz ekoloji problemlərdən reportajlar hazırladığınız üçün sizə müraciət etdim” yazaraq məsələni və ünvanı mənə bildirdi. O, əlavə açıqlama verməkdən imtina etdi, ümumiyyətlə adının çəkilməsini istəmədi. Mən həmin əraziyə yollandım. Şahidi oldum ki, çinar ağacı quruyur. Buna səbəb isə ağacın gövdəsində üç oyuğun açılması ilə onun kökünə yanacaq məhsulunun tökülməsidir.
Bir neçə nəfərə yaxınlaşıb özümü təqdim edərək problemə münasibət bildirmələrini xahiş etim. Aldığım cavablar isə “Deyəsən, sənin işin-gücün yoxdur, özünə iş tap”, “Bura Azərbaycandır”, “Danışmağın və yazmağın mənası yoxdur” oldu.
Ərazidə olarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdim. Bu qurumun əməkdaşları mənim müraciətim əsasında faktı təsdiqləyib sənədləşdirdilər.
Mən həmin ağacın foto və video görüntüsünü çəkib, həmişəki kimi “Youtube” kanalıma (https://www.youtube.com/channel/UC3EIKwS-GkFS6MfK6wpDXPg) və bloquma (http://ramidinfo.blogspot.com/) yerləşdirib, “Facebook” və “Twitter” səhifələrimdə paylaşdım.
Sosial medianın təsir imkanlarının nəticəsidir ki, rəsmi qurumun əməkdaşları mənə rəsmi və qeyri-rəsmi şəkildə mütəmadi olaraq məlumat verirlər. Mən isə məlumatları ictimailəşdirirəm. Hazırda “Tarqovı”dakı həmin ağacın qurumasının qarşısını almaq üçün təbirlər görülür.
Bu günə kimi də sosial media vasitəsilə ekoloji problemlə bağlı mənə müraciətlər edirlər. Mən isə hazırladığım reportaj və araşdırmalarla problemi ictimailəşdirirəm.
– Siz rəsmilərin reaksiyasına toxundunuz. Nazirliyə müraciət etməsəydiniz, eləcə materialı yaymaqla kifayətlənsəydiniz də reaksiya olacaqdımı?
- Təəssüf ki, müraciət olunmasa, müvafiq qurumun əməkdaşları problemə həssas yanaşmırlar. İş təcrübəmə əsasən deyə bilərəm ki, tikinti işləri aparılan ərazilərdə dəfələrlə ağacların kəsilməsi faktına rast gəlmişəm. Mən Yasamal rayon bələdiyyəsinin binasına yaxın ərazidə yaşayıram. Elə bələdiyyə binasının arxasında balaca ticarət obyektlərinin söküldüyünü müşahidə etdim. Söküntü ərazisində iki ağacı gördüm. Maraqlandım, öyrəndim ki, burada yaşayış binası tikiləcək. Sahənin böyük olmadığını nəzərə alıb ərazinin ortasında olan ağacların kəsiləcəyini yəqin etdim və ağacların şəkilini və video görüntüsünü çəkdim. Yəqin etdiyim kimi 9 gündən sonra ağaclardan biri aşırıldı. Hadisə gecə saatlarında baş vermişdi. Hadisə yerindən foto və video material hazırlayıb paylaşdım. Bu dəfə nazirliyə müraciət etmədim. Bir neçə gün gözlədim. Məni tanıyan və tanımayan şəxslər hazırladığım materialı sosial şəbəkədə və qəzetlərin internet ünvanlarında paylaşdırlar. Bir neçə gündən sonra müvafiq quruma özüm müraciət etdim. Bundan sonra məsələyə baxıldı. Sanki “müraciət edən yoxdursa, problemə baxılmır” təəssüratı yaradılır.
– Bayaq vətəndaşların qarşılaşdıqları, şahidi olduqları ekoloji problemlər barədə sosial şəbəkə vasitəsilə sizi məlumatlandırdığını qeyd etdiniz. Məsələyə daha geniş yanaşsaq, cəmiyyətimizin ekoloji problemin əhəmiyyətini lazımınca qiymətləndirdiyini söyləmək olarmı?
– Bəli, öncə dediyim kimi jurnalist və bloqçu olaraq məni tanıyan sosial şəbəkə istifadəçiləri mənə müraciət edirlər. Rəsmi qurumlara isə məlumat vermirlər. Məmurlardan çox biz jurnalistlərə və bloqçulara güvənirlər, bizə inanırlar. Bəzən bizə qəhrəman kimi yanaşırlar. Deyirlər ki, bunların öhdəsindən yalnız siz gələ bilərsiniz.
– Ekoloji problemi qaldırarkən istər bir jurnalist, bloqçu, istərsə də sosial şəbəkə fəalı kimi hansı çətinliklərlə üzləşirsiniz?
– Məlumatsızlıqdan bəzi istifadəçilər sosial şəbəkədə illər öncə baş vermiş problemi əks etdirən görüntüləri yeni material kimi təqdim edirlər. Digər problem isə insanların əksərinin yaşadığı ərazidən kənarda baş verən hadisələrə biganə yanaşmasıdır. Məsələn, Gəncədəki ekoloji problemə Sumqayıt sakinləri həssas yanaşmırlar.
Başqa problemlə rastlaşmamışam. Ekoloji problemlə bağlı hazırladığım materialı və mənə göndərilən məlumatı internet vasitəsi ilə rahat yayıram.
Jurnalist olaraq isə ekoloji problemlə bağlı dövlət qurumlarına göndərdiyim əksər informasiya sorğusu cavabsız qalır. Mümkün qədər sorğuya cavab vermək istəmirlər. Problemi ört-basdır etməyə çalışırlar. Dəfələrlə əlaqə saxlayıb sorğuya cavab almağa cəhd etsəm də, cavabsız qalan sorğular az deyil.
– Sosial şəbəkədə əsasən hansı ekoloji problemlər maraqla qarşılanır?
– Qanunsuz ağacların qırılması, tullantılar və çirkab suları ilə bağlı məlumatlar nisbətən maraqla qarşılanır. Eləcə də çimərlik mövsümündən mövsümünə Xəzər və onun çirkli sahili ilə bağlı problemlər gündəmə gəlir.
– Ekoloji problemlər sırasında hansıları ölkəmiz üçün daha aktual hesab edirsiniz?
– Ekologiya və ətraf mühitlə bağlı hər bir problem önəmlidir. Tikinti işləri gedən ərazilərdə ağacların qanunsuz kəsilməsi və Xəzərin çirkləndirilməsi prosesinin davam etməsi ölkəmiz üçün daha aktual olmalıdır.
– Ekoloji mövzuları işıqlandıran bloqçular, sosial şəbəkə fəalları arasında real ünsiyyət varmı? Yəni onlar arabir bir yerə toplaşıb müzakirə aparırmı, yoxsa bu ünsiyyət yalnız virtual xarakter daşıyır?
– Bloqçular və sosial şəbəkə fəalları arasında real ünsiyyət çox az hallarda olur. Təsadüfi görüşlər baş verir. Məncə, davamlı real ünsiyyətin olması arzuolunandır və görüşlərə vəsilə olacaq təlimlərə, seminarlara qatılmaq lazımdır. Həm təlimçilər onları maairfləndirərdi, həm də bloqçular arasında məlumat mübadiləsi olardı.