Erməni mənbələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində ikinəfərlik təyyarələrlə turist uçuşlarının başladığını xəbər verir. Novator.az-ın məlumatına görə, ötən həftədən Xankəndi yaxınlığındakı hava limanından Şuşaya uçuşların həyata keçirildiyi bildirilir. Qeyd olunur ki, 20-25 dəqiqəlik uçuşlara 35 min dram (73 dollara yaxın) qiymət qoyulub. Layihəni 2015-ci ildə Ermənistanda yaradılmış “Yell Extreme Park” qurumunun apardığı, Ağdərə istiqamətində də uçuşlara başlanacağı bildirilir.
Mayın 25-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məsələyə münasibət bildirib. O deyib ki, Xocalı hava limanından guya turizm səyahətləri adı altında uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır: “Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub.
Azərbaycan Respublikası işğal olunmuş ərazilər üzərində hava məkanını uçuşlar üçün qadağan edib, çünki Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı Azərbaycanın bu mövqeyini dəstəkləyir.
Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri “Aviasiya haqqında” qanunun, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır.
Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırırıq. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan olunması, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq demoqrafik vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı məqsədi daşıyır.
Azərbaycan Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək”.
1988-ci ildə Azərbaycana hərbi təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini və daha 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.