Ekoloji çirklənmə: vəziyyət hər kəsin təsəvvür etdiyindən ağırdır
Almaniyanın Bremen Universitetinin alimləri göyü yerdən zəhərləyən varlığa – insanlara qarşı hərəkətə keçməyin vaxtı çatdığını düşünürlər.
Almaniya və Avropa şəhərlərinin çirklənmə səviyyəsini öyrənən alimlər deyirlər ki, vəziyyət hər kəsin təsəvvür etdiyindən də dəhşətlidir.
Yerə və atmosferə yayılan çirkli maddələrin tərkibini araşdıran, bu məqsədlə “Kosmos” proqramının köməyi ilə peyk müşahidələri aparan və yerdə qurduqları aparatlarla tədqiqatlarını gücləndirən bremenli tədqiqatçılar problemi yer faktorları ilə bağlayırlar. Onlar dünyanın faciəli bir dilemma qarşısında durduğunu qeyd edirlər: hava – həyat, yoxsa ölümdür? Alimlər bu suala cavab tapmaq üçün bir çox elmi fakta yenidən nəzər salmağı vacib hesab edirlər.
Yerin atmosferində baş verən çirklənməni bəzi hallarda təbiət hadisələri ilə əlaqələndirmək istəyənləri qınayan almaniyalı alimlər ekoloji qəzalara görə baş verənlərdə ilk növbədə insanların məsuliyyət daşıdığına əmindirlər.
Beynəlxalq Səhiyyə Təşkilatı ekoloji çirklənmənin insan həyatına təsirindən söz açaraq konkret faktlar açıqlayıb. Qurumun hesabatında bildirilir ki, planetdə xəstələnən, müxtəlif xəstəliklər ucbatından vəfat edən insanların bir çoxunun ölümünün səbəbi birbaşa atmosferin çirklənməsi ilə bağlıdır.
Alman həmkarlarına dəstək verən fizik Con Filip Barrounun sözlərinə görə, aramsız peyk müşahidələri və qeydlər mütləq lazımdır. Onun fikrincə, ardıcıl araşdırmalar planetdə baş verənlərin qlobal xəritəsini hazırlamağa imkan verə bilər. Fizik söhbətinə belə davam edir: “Lakin çatışmayan yeganə cəhət odur ki, biz konkret əraziləri, regionları eyni vaxtda dəqiq müşahidə edə bilmirik, bu isə problem yaradır. Meteoroloji stansiyaların ayrı-ayrılıqda qeydə aldığı məlumatlar bəzən əhatəli olmur, birtərəfli xarakter daşıyır”.
Bremenli mütəxəssislərin dediyinə görə, böyük çirklənmənin, zəhərli tullantıların ağır yükünü daşıyan atmosfer dalğaları bu çirklənməni planet əhatəsində sürətlə paylaşa bilir. Hər il atmosferdən qopan dalğalı çirkli küləklərin əhatə dairəsi böyüyür və nəticədə Avropanın tullantıları Arktikaya yönəlir. Yay mövsümündə isə Avropa zəhərli tullantıları Amerikadan qəbul etməli olur. Alimlərin fikrincə, belə prosesləri, arxitektonik dəyişikliklərin başlıca səbəblərini öyrənmək üçün fizikanı mükəmməl bilmək, atmosfer kimyasını inkişaf etdirmək gərəkdir.
Qaz tullantıları hətta günəşə də təsir göstərir
Həlli çətin və uzunmüddətli olan nəhəng problemlə üz-üzə qaldıqlarını etiraf edən bremenli mütəxəssislər ruhdan düşməyərək gündəlik araşdırmalara davam edir, spektrometrin qeyd etdiyi hər parçanı öyrənməklə havanın kimyəvi analizini aparırlar. Eyni zamanda təlimata uyğun olaraq ardıcıllıqla peyk vasitəsi ilə əldə edilən faktlar araşdırılır və müqayisələr aparılır. Bütün bu proseslər “Kopernik” proqramının köməyi ilə həyata keçirilir. Universitet həmçinin günəş şüaları ilə yerə ötürülən çirklənmənin səviyyəsini öyrənir.
Professor Justus Notholt deyir ki, hər bir molekul iz qoyur, bunu spektral analizlə də təyin etmək olur: “Milyonlarla iz əslində böyük bir informasiya toplusu deməkdir, lakin bunu öyrənmək elə də asan deyil. Müxtəlif nəticələr əldə etmək olar. Məsələn, belə bir nəticə çıxartmaq olar ki, iqlim dəyişikliyi əslində atmosferin qızmasıdır və atmosferdən qopan qaz tullantılarının həcmi o qədər böyükdür ki, hətta günəşə də təsir göstərir. Deməli, yeri isidən, bizi qızdıran günəş şüaları da əslində zəhər mənbəyidir. Yenə də ənənəvi suala qayıtmalı oluruq: günah kimdədir, insanda, yoxsa təbiətdə?”
Ekoloji çirklənməni qeydə alan furqon
Alimlərin ixtiyarında böyük imkanlara malik mobil furqon laboratoriya fəaliyyət göstərir. Furqonda qurulan aparatların köməyi ilə havanın vəziyyəti və atmosferə yayılan tullantıların miqdarı öyrənilir. Alimlərin fikrincə, insanların şəhərlərdə ictimai fəallığı, nəqliyyat vasitələri atmosferdə istixana effekti yaradaraq metan qazının çoxalmasına səbəb olur ki, bu da öz növbəsində hətta vulkanları, zəlzələləri də aktivləşdirir və nəticədə fəlakətlərə gətirib çıxarır. Bu baxımdan çirkli havanın əsas mənbələrini tapmaqdan ötrü yerdən başlamaq lazım gəlir.
Ekoloji çirklənmənin səbəblərini araşdıran daha bir tədqiqatçı alim Folkard Uitkokun fikrincə, furqonla səyyar müşahidə aparmaq daha effektli nəticələr verir. Problemin tək Almaniyanı deyil, bütün Avropanı, Amerikanı, ümumilikdə dünyanı əhatə etdiyini deyən alim uğurlu baza nəticələri əldə olunacağına inanır.
Bremen Universitetinin tədqiqatçıları bəyan edirlər ki, furqon unikal sistemlərlə təmin olunub. Burada havanı temperatur səviyyəsini dəyişmədən çəkən aparat var ki, onun köməyi ilə havanın dəqiq kimyəvi analizini aparmaq mümkündür. Furqon-laboratoriya bir çox ölçü cihazı, müxtəlif sensorlarla təmin edilib ki, bu da uzaq məsafədən atmosfer dalğalarını, küləyin istiqamətini, çirklənmə radiusunu təyin edib tuta bilir. Furqonun imkanları belə şəraitdə yerdə qurulan peyk monitorlarından daha yüksək qiymətləndirilir. Hətta bildirilir ki, furqon-laboratoriyalar peyk monitorlarını uğurla əvəz edə bilər.
“Biz ətrafda baş verən bütün təbii hadisələrdən, atmosferin vəziyyətindən xəbər tuta bilirik. Bizim furqon ekoloji çirklənməni hər an qeydə almaq imkanı verir” deyən alman mütəxəssislər səyyar laboratoriyanın getdikcə daha böyük imkanlara sahib olacağını düşünürlər.
İnadkar Bremen komandası
Bremen Universitetinin inadkar komandası böyük tədqiqatlara davam edir. Onların fikrincə, proseslər eləcə Almaniya və Avropanın deyil, dünyanın bütün böyük şəhərlərini əhatə edəcək. Alimlərin əsas məqsədi atmosferə daxil olan metanın və dioksidin miqdarını öyrənmək, əsas çirklənmə mənbələrinin hansı ölkə və şəhərlərə aid olduğunu təyin etməkdir.
Ekoloq Maria Dolores Andres Hernandes də mövzu ətrafındakı diskussiyalara qoşularaq əsas məqsədlərini açıqlayır: “Sözün əsl mənasında hava artıq həyata yox, ölümə çevrilib. Qlobal iqlim dəyişikliyinin daima müzakirəsi aparılır, tədbirlər də görülür, ancaq insanlar atmosferi çirkləndirməyə davam edirlər. Müharibələr, istifadə edilən kimyəvi tərkibli silahlar, kosmosa buraxılan raketlər, hərbi tapşırıqlara transfer olunan peyklər, zəhərli tüstü buraxan böyük zavodlar, istixanalar… Bütün bunlar, sözsüz ki, dünyanın havasına təsirsiz ötüşmür. Biz işimizə davam edirik, iri miqyaslı iki kampaniya aparmaq əzmindəyik. Planetin çirklənmə radiusunda kimyəvi formulları təyin etmək və bu məlumatları peyk məlumatları ilə tutuşdurmaqla havası ən çox çirklənmiş şəhərləri tapmağa çalışırıq. Müasir dünyanın iqlim dəyişikliyi kimi qlobal problemlə üz-üzə qaldığı bir zamanda baş verənlərə sakitcə tamaşa etmək böyük ədalətsizlikdir. Ozon qatının qismən zədələnməsi və “qara dəliyin” get-gedə böyüməsi bizi gözlənilən fəlakətlərdən xəbərdar edir. Bizim borcumuz isə gələcəyi təmiz ekoloji mühitlə təmin etməkdir. Axı çirklənmənin əsas səbəbkarı elə insanlar özüdür”.
Alim sözünə belə davam edir: “Fakt toplamaq hələ işin bir hissəsidir. Əldə edilən informasiyalar düzgün araşdırılmalıdır. Bunun üçün alimlər mürəkkəb proqramlar və alqoritmlər kəşf ediblər ki, bütün dünyanı, xüsusilə də Avropanı əhatə edə biləcək rəqəmli xəritə yaratmaq mümkün olsun. Bu imkanlardan istifadə etməklə biz atmosferin ən yüksək təbəqəsinin belə çirklənmə səviyyəsini öyrənə bilərik”.
Söhbətə qoşulan komandanın digər iştirakçısı, tədqiqatçı Andres Rixter görülən işlərdən məmnun qaldığını vurğulayır: “Əlimizdən gələni edirik. Peyklər bizə gözəl, effektli görüntülər göndərir. Bu informasiyaların köməyi ilə artıq yerdən çox uzağı müşahidə etməklə mükəmməl bir xəritə hazırlamışıq. Qalan iş budur: atmosferin müxtəlif bucaqlarından dəqiq informasiyaların gəlişini gözləmək və dönə-dönə məlumatın etibarlığını araşdırıb yoxlamaq”.
İnsan atmosferin nizamını pozan əsas qüvvədir
İnsan atmosferi çirkləndirən, ekoloji nizamı pozan əsas qüvvədir. Bu gün məktəblilərə də bəllidir ki, havaya buraxılan zərərli qazlar, buxar qazları atmosferdə hərarəti dəyişir. Nəticədə dünya çirkli hava ilə boğulmaqda davam edir.
İnsanlar ekoloji sistemə sözün əsl mənasında savaş elan ediblər. Baş verənlərin qarşısını almaq üçün aparılan təbliğatın kifayət etmədiyi də göz önündədir.
Ekoloq alim, professor Justus Notholt bildirir ki, insanın təbiətə və havaya təsiri çox güclüdür, hər kəsin təsəvvür etdiyindən də güclüdür: “Başa düşməliyik ki, hər birimizin təbiətə qarşı mənfi hərəkəti sonda öz əleyhimizə çevrilir və ekoloji çirklənmə hər şeydən qabaq məhz insanlığa zərər vurur. Güman ki, yaxın 50 ildə bunun dəhşətli nəticələri ortaya çıxacaq. İnsanlar həmin reallıqla qarşılaşanda heyrətə gələcəklər”.
Tanınmış fizik Con Filip Barrouz əldə edilən uğurlara görə sevinməyin hələ tez olduğunu qeyd edir: “Daha çox müşahidələr nəticəsində əldə ediləcək informasiyalara ehtiyacımız var. Keyfiyyətli nəticələr üçün, müqayisə apara bilmək üçün xeyli məlumata malik olmalıyıq. Yalnız bundan sonra insanın havaya, planetin ümumi vəziyyətinə necə təsir etdiyini dəqiq bilmək və profilaktik mexanizm yaratmaq mümkündür”.
İnsanların ekoloji standartların pozulmasına kütləvi etinasızlığından şikayətlənən Con Filip Barrouz deyir: “Bu gün biz Avropada təmiz hava keyfiyyətinin itirildiyini görürük. Avropanın havası çirklənib, insanlar isə, nə qədər qəribə olsa da, özlərini hələ normal və xoşbəxt hiss edirlər”.
Bu il Avropa Kosmik Agentliyi “Sentinel” ailəsinə daxil olan beşinci peykini orbitə buraxacaq. Peykin əsas tapşırığı atmosferdə çirklənmə səviyyəsini müşahidə etməkdir. Bu xəbərə sevinən Bremen Universitetinin alimləri və onların tərəfdaşları səbirsizliklə əldə ediləcək yeni peyk məlumatlarını gözləyirlər. Onlar həmin vacib informasiyaların elmə böyük töhfə verəcəyinə və ekoloji çirklənmənin qarşısını almaq üçün yeni mexanizmlər formalaşdırmağa yardım göstərəcəyinə inanırlar.