Bu ilin aprel ayında Azərbaycana 187 min 577 turist gəlib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artım qeydə alınıb. Mayın ilk on günündə isə ölkəni 70 min 776 turist ziyarət edib, 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artım olub.
AZƏRTAC xəbər verir ki, aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilmiş ilk ticarət festivalında 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq proqramına qoşulub.
Festival aylığı ərzində ticarət mərkəzlərinin ərazisində, İçərişəhərdə, Sabir bağında və şəhərin digər yerlərində təşkil edilmiş müxtəlif tədbirlərdə 200 minədək ziyarətçi iştirak edib.
“Tax Free” sistemi çərçivəsində 23 min 242 ədəd hesab-faktura verildiyi, təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyənin 18 milyon 167 min 892 manat olduğu, bankların alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytardığı bildirilir.
Ticarət festivalları dövründə fiziki şəxslərin Azərbaycanda aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydası bu il fevralın 20-də təsdiqlənib. Festival çərçivəsində büdcəyə 5,6 milyon vəsait daxil olub.
“Tax Free” sistemi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödədiyi əlavə dəyər vergisinin qaytarılmasını tənzimləyir.