Mayın 23-də Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş Azərbaycan idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev görüşdə nitq söyləyib.
IV İslam Həmrəyliyi Oyunları mayın 22-si Bakı Olimpiya Stadionunda təntənəli mərasimlə başa çatıb. İki həftə davam edən yarışlara 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə qatılıb. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar.
İlham Əliyev deyib ki, Azərbaycan Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olub: “Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır.
Hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstəriblər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda idman ictimai proseslərin inkişafında xüsusi yer tutur: “İdmançılara cəmiyyətdə çox xoş münasibət var. İdmançılara olan hörmət göz qabağındadır və hər bir vətənpərvər Azərbaycan vətəndaşı idmançılarımızın uğurlarını alqışlayır, bu uğurlarla fəxr edir. Hər dəfə bizim bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər insan qürur hissi keçirir. Bu 10 gün ərzində idmançılarımız xalqımıza qələbə sevinci bəxş etdilər. Bu 10 gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşğu, böyük sevgi ilə sizin qələbələrinizi alqışlayırdılar, sizinlə bərabər buna sevinirdilər, bu qələbə sevincini sizinlə bölüşürdülər.
İdman hər bir ölkənin ictimai həyatında xüsusi yer tutur və bu gün idmanın inkişafı bu gözəl nəticələrə gətirib çıxarır. Biz haqlı olaraq öz qələbələrimizlə fəxr edirik, eyni zamanda sizin nümunəniz, bu Oyunlarda idmançılarımızın qələbələri, əminəm ki, yaxın gələcəkdə idman bölmələrinə uşaqların axınını daha da sürətləndirəcək. Çünki biz hər dəfə növbəti böyük idman qələbəsindən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq istəyirlər.
Bu Oyunların keçirilməsi, əlbəttə ki, ölkəmiz üçün tarixi hadisə idi. Şadam ki, bu qələbəni şərtləndirən, qələbəyə aparan bütün qurumlar çox yaxşı işlədilər. Həm əvvəlki illərdə, həm Oyunlar ərəfəsində Mili Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi korpusu, idman mütəxəssisləri, əlbəttə, idmançılar bir komanda, bir ailə kimi bir amala xidmət edərək bu qələbəni mümkün etdilər. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda bütün idman qurumları çox sıx əlaqədə işləyirlər və hesab edirəm ki, uğurlarımızın təməlində bu amil dayanır.
Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm”.
İlham Əliyev deyib ki, ölkənin uğurlarının təməlində Vətən sevgisi durur və idmançıları da qələbələrə aparan əsas amil budur: “Biz görürdük ki, idmançılar necə sevinirlər, xalqımız necə sevinir. Bu on gün ərzində biz bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi birləşdirən bizim əqidəmizdir, tariximizdir və gələcəyə baxışlarımızdır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir.
Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında çox sevinirdim ki, elə bil hamı mənə bir fikri çatdırmaq istəyirdi, hamı böyük minnətdarlıq hissi ilə təşkilati məsələlərin yüksək səviyyədə və peşəkarlıqla həll olunduğunu deyirdi. Əlbəttə ki, bu, bizi çox sevindirir. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik”.