Ermənistan hökumətinin strukturu dəyişir. Novator.az-ın məlumatına görə, təşəbbüs Nazirlər Kabinetinin özündən gəlib. Parlamentin müzakirəsinə təqdim olunan layihə bir nazir postunun ləğvini nəzərdə tutur. Hazırda Hökumət Aparatının rəhbəri də nazir sayılır. Nazirlər Kabinetinin parlamentə göndərdiyi layihədə Hökumət Aparatının rəhbərindən nazir statusunun alınması təklif olunur.
Hökumət Aparatının rəhbəri, nazir vəzifəsini hazırda David Arutyunyan icra edir.
Dəyişiklik Ermənistanın yeni konstitusiyasından irəli gəlir. Ali qanuna görə, baş nazirin müavinlərinin sayı 3-dən, nazirlərin sayı 18-dən çox ola bilməz. Hazırda Hökumət Aparatının rəhbərindən savayı bu nazir postları var:
beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri (eyni zamanda baş nazirin müavini)
xarici işlər naziri
müdafiə naziri
diaspor naziri
ədliyyə naziri
fövqəladə hallar naziri
iqtisadi inkişaf və investisiya naziri
maliyyə naziri
nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri
kənd təsərrüfatı naziri
enerji infrastrukturu və təbii sərvətlər naziri
ərazi idarəçiliyi və inkişaf naziri
əmək və sosial məsələlər naziri
səhiyyə naziri
elm və təhsil naziri
təbiəti mühafizə naziri
mədəniyyət naziri
gənclər və idman naziri.
Mayın 18-də Karen Karapetyan yenidən baş nazir təyin edilib. Hökuməti 105 nəfərlik yeni parlamentdə 58 mandatı olan hakim Respublika Partiyası quracaq. Partiya parlamentdə 7 mandatla təmsil olunan Daşnaksütunla koalisiya razılaşması imzalayıb.
Karen Karapetyan Respublika Partiyasının üzvüdür, ötən il sentyabrın 13-də baş nazir postuna gətirilib.
2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiya ilə Ermənistan mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ali qanuna görə, hökuməti proporsional sistemlə seçilən parlamentdə mandatların yarıdan çoxuna sahib partiya qurur. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.