Ekoloji təmiz kənd təsərrüfatı məhsulu hansı tələblərə cavab verməlidir? Novator.az-ın məlumatına görə, AZƏRTAC bu suala cavab arayıb. Materialda bildirilir ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməli, emalında yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunmalı, sanitariya-gigiyena qaydalarına ciddi riayət edilməli, “torpaqdan süfrəyə” prinsipi əsas götürülməlidir. Bu yolla ərzaq istehsalında istifadə olunan xammalın, suyun, digər qatışıqların orqanizm üçün törədə biləcəyi potensial təhlükələr aradan qaldırılır və son nəticədə əldə olunan məhsulun zəmanətli satışına əminlik yaradır.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti AZƏRTAC-a bildirib ki, bu məhsullar sertifikatlaşdırılmalı, təbii saxlama müddətinə malik olmalı, onların tərkibində pestisidlər, mineral gübrələr, antibiotiklər, boy hormonları, müxtəlif konservantlar, antioksidantlar, aromatizatorlar, stabilizatorlar, rənglər, tamvericilər və süni mənşəyə malik digər qatqılar olmamalıdır. Məhsul əsasən üç parametr – ekoloji təmiz xammal, ekoloji təmiz inqrediyentlər, ekoloji təmiz texnologiya əsasında istehsal edilməlidir. Malların ekoloji təmiz olduğu onların etiketlərində qeyd edilməlidir.
Ekoloji təmiz kənd təsərrüfatı məhsulları “EKO-keçid” və “EKO” sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanının icazəsi ilə markalanmalı və markalanma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən etməlidir.
Markalanma müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilməli və etiketin üzərində və ya qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar əks olunmalıdır:
– istehsal və emal müəssisəsinin adı, ünvanı və əmtəə nişanı;
– ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı;
– ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu;
– məhsulun saxlanma şəraiti;
– məhsulun istehsal tarixi və yararlılıq müddəti;
– ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla birgə anbara yığılmasının qadağasına dair göstəriş.
Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir.
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışı bu məqsəd üçün ixtisaslaşdırılmış xüsusi mağazalarda həyata keçirilməlidir. Belə mağaza olmadığı hallarda isə həmin məhsulların satışı ticarət müəssisələrinin xüsusi şöbələrində aparılmalıdır. Satıcılar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehlak xüsusiyyətləri, tərkibi, kaloriliyi, məhsuldan istifadə qaydaları və üsulları, saxlama şərtləri və digər zəruri məlumatlar barədə istehlakçıları məlumatlandırmalıdır.
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları onların xarab olmasının, əzilməsinin, qırılmasının, çirklənməsinin qarşısını alacaq şəkildə bir-birindən ayrı, istehlak xüsusiyyətindən asılı olaraq döşəmə, divar və tavanla təmasda olmayacaq formada (rəf şəklində) yığılmalıdır.
“Yeyinti məhsulları haqqında” qanuna görə, istehlakçıya ünvanlanmış “ekoloji təmiz məhsul”, “müalicəvi məhsul” və digər bu kimi şüarlar yazılarsa, mütləq müvafiq icra hakimiyyəti strukturlarından icazə alınmalıdır.
Ekoloji təmiz olmayan məhsulu bu ad altında satmaq mövcud qanunvericiliyin pozulması deməkdir və İnzibati Xətalar Məcəlləsində bu əmələ görə inzibati qaydada cərimə nəzərdə tutulub.