Dövlət başçısı İlham Əliyev türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğanı yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilməyi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Başçılıq etdiyiniz və qurucusu olduğunuz partiyanın hakimiyyətə gəlişindən ötən 15 ildə qardaş Türkiyə Respublikasında böyük işlər görülüb. Həyata keçirilmiş siyasi, iqtisadi, sosial və digər layihələr Türkiyənin daha da güclənməsinə, beynəlxalq arenada əhəmiyyətli yer tutmasına səbəb olub.
Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz olub və adınız əbədi olaraq Türkiyə dövlətçiliyinin tarixinə həkk olunub. Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz isə partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir”.
Mayın 21-i Ankarada Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı keçirilib. Prezident Rəcəb Teyyub Ərdoğan 998 günlük fasilədən sonra yenidən partiyanın sədri seçilib. Gizli səsvermədə onun namizədliyini 1414 nümayəndə dəstəkləyib.
Novator.az xatırladır ki, Rəcəb Teyyub Ərdoğan mayın 2-də yenidən Ədalət və İnkişaf Partiyasına üzv olub. Türkiyə prezidenti partiya üzvü olmaq hüququnu aprelin 16-da keçirilmiş konstitusiya referendumundan sonra əldə edib. Referendumun nəticələrinə görə, seçicilərin 51,4 faizi ana qanunda 18 maddəlik dəyişiklik təklifinin lehinə səs verib. Bununla da dövlət başçısı partiya üzvü olmaq hüququ alıb. Əsas yenilik isə ölkənin 2019-cu ildən prezident idarə üsuluna keçməsidir.
Ana qanunu dəyişdirmək Ədalət və İnkişaf Partiyasının təşəbbüsü olub. Bu partiya 2002-ci ildən bəri təkbaşına hakimiyyətdədir. Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub. 28 avqust 2014-cü ildən prezidentdir, partiyadan həmin gün çıxmışdı.
Ədalət və İnkişaf Partiyası 2001-ci il avqustun 14-də yaradılıb.