Mayın 20-də prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Ruhani, İran İslam Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qazandığınız qələbə xalqın Sizə olan inam və etimadının göstəricisi, dost və qardaş ölkənizin inkişafı və rifahı naminə gördüyünüz işlərə verilən yüksək qiymətdir.
Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasındakı siyasi dialoqu, müxtəlif sahələr üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığı, mədəni əlaqələrimizi, İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirirəm.
İkitərəfli əlaqələrimiz xüsusən son illərdə yüksələn xətlə inkişaf edib və yeni məzmun kəsb edib. Sizinlə keçirdiyimiz görüşlər, apardığımız danışıqlar, imzaladığımız sənədlər və həyata keçirdiyimiz layihələr münasibətlərimizin inkişafında mühüm rol oynayır.
İnanıram ki, ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
İranda prezident seçkisi mayın 19-da keçirilib. Qələbə uğrunda indiki prezident Həsən Ruhani ilə yanaşı keçmiş baş prokuror İbrahim Rəisi, keçmiş vitse-prezident Mustafa Haşimi Təba, keçmiş mədəniyyət naziri Mustafa Mirsəlim mübarizə aparıb.
Novator.az-ın məlumatına görə, Həsən Ruhani rəqiblərini 57% səslə qabaqlayıb. İbrahim Rəisi 38,5%, Mustafa Mirsəlim 3%, Mustafa Haşimi Təba 1% səs yığıb.
Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq seçkisində 4 il müddətinə seçilir. Həsən Ruhani prezident postunu 2013-cü ildən tutur.
Novator.az bildirir ki, fars əsilli Həsən Ruhani 1948-ci ildə Simnan əyalətinin Sorxe şəhərində anadan olub. İbtidai və orta təhsilini həmin şəhərdə alıb. Qum dini dairəsində oxuyub, Tehran Universitetini bitirib, Böyük Britaniyanın Qlazqo Universitetində hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Həsən Ruhani 1980-2000-ci illərdə parlamentin üzvü olub, İran-İraq müharibəsi zamanı (1980-1988) Silahlı Qüvvələrdə rəhbər postlar tutub.
Uzun illər Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində fəaliyyət göstərib, Üləma Məclisinin, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü olub.
2013-cü il iyunun 14-də prezident seçilib, avqustun 4-də səlahiyyətlərinin icrasına başlayıb.