Rubl düyünü: Maliyyə Bazarlarına Nəzarət Palatasından cavab gəldi

135 0

Mayın 8-də Novator.az-da “Maliyyə Bazarlarına Nəzarət Palatası niyə susur?” başlıqlı replika dərc olunmuşdu. Bildirilirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Novator.az-ın aprelin 17-də ünvanlandığı sorğunu cavablandırmır.

Sorğu aprel ayında sayta daxil olmuş şikayət əsasında verilmişdi. Bildirilirdi ki, bankalarda, o cümlədən “Azərpoçt”un şöbələrində Rusiya rublunun milli valyutaya dəyişdirilməsində problem yaşanır, banklara və poçt şöbələrinə müraciət edildikdə rubl qəbul etmədiklərini, yaxud da qoyulan limitin dolduğunu deyirlər. Araşdırma nəticəsində məlum olmuşdu ki, banklar və poçt şöbələri Rusiya rublunu nağd almaqdan imtina edirlər.

Novator.az bu məsələyə aydınlıq gətirmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdi.

Palatanın mətbuat xidməti sorğuya mayın 16-da cavab verib.

Cavabda deyilir: “Xarici valyutaların nağd formada alğı-satqısı banklar, eyni zamanda “Azərpoçt” MMC-nin fəaliyyətinin tərkib hissəsidir. Hər hansı xarici valyutaya nağd formada tələb olmayanda mübadilə əlavə xərc tələb edir. Banklar və “Azərpoçt” MMC bu əməliyyatları biznes fəaliyyətinin tərkib hissəsi olaraq öz mənfəətliliyi kontekstində qiymətləndirərək qərar verir.

Bankların internet səhifələrindən Rusiya rublunun nağd alışı və satışı ilə bağlı kursu qeyd edənləri müəyyən etməklə onlara müraciət etmək mümkündür. Maliyyə Bazarlarına Nəzarət Palatasının apardığı monitorinqin nəticəsinə əsasən, Rusiya rublunun nağd alışını 9 bankın (Azərbaycanda 32 bank var – red.) həyata keçirdiyi müəyyən olunub”.

Palata bu mövzuda yarana biləcək suallarla əlaqədar 012 493 50 58 əlaqə nömrəsinə müraciət etməyi də tövsiyə edir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası prezidentin 3 fevral 2016-cı il fərmanı ilə qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti məqsədi ilə yaradılıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id