Cəbhə zonasında yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi qaydaları təsdiq edilib. Prezidentin 16 may fərmanı ilə Nazirlər Kabinetinə qaydalardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qaydalar dərc olunmayıb.
Novator.az xatırladır ki, Azərbaycan 30 ildir Ermənistanla müharibə vəziyyətindədir. 1988-ci ildə ermənilər Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparmaq üçün separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib, 1994-cü ildə elan olunan atəşkəsədək Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal edilib. Qazax rayonunun 7 kəndi, Naxçıvan Muxtar Respublikasının 1 kəndi də zəbt olunub.
Bu yaxınlarda Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırdığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlərdə müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmənə ötürüblər.
Toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda dövlətə xəyanət və digər faktlar üzrə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb. Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, ibtidai istintaq aparılır.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”.