Vergilər Nazirliyinin ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov “Vergilər” qəzetinə müsahibə verib. Novator.az-ın məlumatına görə, baş direktor qeyd edib ki, 2016-cı ildə regionlardan vergi daxilolmaları 600,8 milyon manat olub: “2003-cü ildə bu rəqəm 37,7 milyon manat idi. Son 15 ildə regionlardan vergi daxilolmaları 16 dəfə artıb”.
Elçin Bəylərov deyib ki, regionlarda pambıqçılıq, baramaçılıq, ipəkçiliklə bağlı son dövrlər müşahidə edilən fəallıq, eləcə də qeyri-neft sektorunun ixracı ilə bağlı atılan addımlar müsbət nəticələr verir: “2017-ci ilin birinci rübü ərzində qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb, sahibkarlar ölkə iqtisadiyyatına 1 milyard 250 milyon manat həcmində sərmayə qoyub”.
2017-ci ilin birinci rübü ərzində proqnoz tapşırıqlarının icrasına toxunan departament rəhbəri deyib ki, ümumi dövriyyələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz artıb: “Pərakəndə ticarət sahəsindən vergi daxilolmaları üzrə 6,9 faiz, xidmət sahəsi üzrə 30,6 faiz artım var. 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları üzrə 20 mindən yuxarı vergi ödəyicisi fəaliyyətini bərpa edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 dəfə çoxdur. Cari ilin birinci rübündə fəaliyyətini bərpa edən obyektlərin sayında 2 dəfə artım olub.
Yanvar-aprel ayları ərzində ərazi vergi orqanları dövlət büdcəsinə 155,4 milyon manat proqnoza qarşı 176,6 milyon manat vəsait verməklə proqnoz tapşırığına 113,6 faiz əməl edib. Yerli mənbələr üzrə dövlət büdcəsinə 113,8 milyon manat proqnoza qarşı 135,1 milyon manat vəsait daxil olub. Ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün rayon və şəhərlər üzrə proqnoz tapşırıqları tam icra olunub”.
Elçin Bəylərovun sözlərinə görə, regionlarda qeydiyyatda olan 38111 vergi ödəyicisinin 1 yanvar 2017-ci ilə olan 107 milyon manat borcu silinib: “Bundan əlavə 3285 vergi ödəyicisi maliyyə sanksiyaları üzrə borclarının müəyyən faizini ödəyib, onların 4,8 milyon manat borclarının silinməsi təmin edilib”.