2017-ci ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 149 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən məhsul alınıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında belə deyilir.
Rəsmi açıqlamaya əsasən, yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5 milyard 90,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3 milyard 578,1 milyon dollar, idxalın dəyəri 1 milyard 512,8 milyon dollar təşkil edib, 2 milyard 65,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 9,2 faiz, idxal 27,3 faiz azalıb.
Ticarət dövriyyəsinin 39,1 faizi Avropa İttifaqı ölkələri, 11,8 faizi MDB ölkələri, 49,1 faizi isə digər ölkələrin payına düşüb.
2017-ci ilin yanvar-mart aylarında 264,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2016-cı ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 9,1 faiz, real ifadədə isə 7 faiz çoxdur.