T.Zeynalov: “Niyə media bunu yazmır?”. Q.Məhərrəmli: “Güclü müqavimət olacaq”

1879 0

Novator.az-ın ekologiya və media mövzusunda Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli ilə keçirdiyi debatın ikinci hissəsi

(Debatın 1-ci hissəsinə bu link vasitəsilə baxmaq olar)

– Azərbaycanda bir problem də medianın qaldırdığı məsələlərə hökumətin heç də həmişə reaksiya verməməsidir. Yəni media yazır, çəkir, göstərir, amma hökumət qurumlarından səs-soraq çıxmır. Mediada əksini tapan ekoloji problemlərə münasibətdə bir fərq varmı, hökumətin bu problemlərə lazımınca reaksiya verdiyini söyləmək mümkündürmü?

Telman Zeynalov: Düşünürəm ki, medianın ekoloji problemlərlə bağlı informasiyalarına hökumətin münasibəti artıq dəyişib. Hökumət yazılanları diqqətə alır və araşdırıb tədbir görür. Ancaq media da həqiqəti yazmalı, informasiyanı təhrif etməməlidir. Bir dəfə bir nəfər mənə dedi ki, qonşusu sudan zəhərlənib. Məni gülmək tutdu, dedim sən də o sudan içmisən, niyə zəhərlənməmisən? Yəni adam bilmədiyini danışmamalıdır. Media da dəqiqləşdirmədiyini yaymamalıdır. 74 yaşım var, indiyədək kiminsə sudan zəhərləndiyini eşitməmişəm. Su bulanıq, lilli gələ bilər, ancaq adamı zəhərləməz, çünki içməli suya vurulan xlorun miqdarı bakteriya və virusların məhvi üçün kifayət edir. Belə məsələlərdən yazanda jurnalist gərək detalları nəzərə alsın, düzgün təhlil etməyi bacarsın. Hər rəyə əsaslanmaq olmaz, mütəxəssisə müraciət etmək lazımdır. Üstəlik, mütəxəssisin də səviyyəsi yoxlanmalıdır, indi peşəkar olduğunu deyib sinəsinə döyən çoxdur. Media gərək yaxşını pisdən ayıra bilsin.

Qulu Məhərrəmli: Mənə elə gəlir ki, hazırda media qurumlarına həssas yanaşan nazirliklərdən biri elə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Yaxşı yadımdadır, rəhmətlik dostum, şair Məmməd Aslan ağacların kəsilməsi ilə bağlı bir yazı yazmışdı, həmin materiala ekologiya və təbii sərvətlər naziri səviyyəsində dərhal reaksiya verildi. Bu gün də xeyli tədbir keçirilir, ekoloji problemlər müzakirə olunur, müəyyən işlər görülür. Bu işlərin nə dərəcədə yüksək səviyyədə icra olunduğunu deyə bilmərəm. Ancaq deməliyəm ki, media da belə məsələlərdə passiv tərpənir. Media problemləri lazımınca görmür, hiss etmir, informasiyanı vaxtında çatdırmaq, ictimai rəy formalaşdırmaq problemləri var.

– Azərbaycanda ekoloji jurnalistika hiss olunurmu? Məsələn, ölkədə idman jurnalistikasının olduğu duyulur. Bəs ekoloji jurnalistika – onun mövcudluğu hiss olunurmu?

Telman Zeynalov: Məncə, hiss olunur. Amma jurnalistlərə düzgün, ətraflı məlumat yaymağa imkan vermirlər, maneə çoxdur. Bununla belə, ekoloji problemlərdən xəbərdar olan jurnalistlərimiz var. Bir az qabaq biz 2010-cu ildəki daşqından danışdıq. Bu faciənin əsas səbəblərindən biri, bəlkə də birincisi Mingəçevir su anbarında suyun səviyyəsi ilə bağlı idi. Ancaq o zaman bunu mediadan gizlətdilər. Jurnalistlər isə problemi ətraflı araşdırmadıqlarından məsələdən xəbər tuta bilmədilər. O vaxt anbarda suyun səviyyəsi normadan çox artıq idi. Normalda 75 metrə qədər su doldurulmalıdır, ancaq anbar 82 metrə qədər su ilə dolu idi. Təsəvvür edin ki, bir az da artıq olsa Mingəçevir bəndinin özü təhlükə altına düşə bilərdi.

– Əgər dediyiniz kimi doğrudan da o vaxt anbarda suyun həcmi normadan artıq olubsa, bəs bunun səbəbi nə idi? Anbara niyə normadan artıq su yığsınlar ki?..

– Bax, məsələ də bundadır. Bu o deməkdir ki, artıq enerji istehsal edib satmaq məqsədi varmış. Dövlət bu məsələyə sərt reaksiya verdi. Stansiyanın rəhbəri həbs olundu, amma həbsin həqiqi motivi mediaya açıqlanmadı.

Qulu Məhərrəmli: Telman müəllimdə məlumatlar var ha!..

– Doğrusu, Telman müəllimin dedikləri media nümayəndəsi kimi bizə həm maraqlı, həm də qəribə gəlir. Biz deyilənləri hələ bir fakt kimi təsdiqləyə bilmərik, bundan ötrü araşdırma lazımdır. Amma bütün bunlar biz jurnalistlər üçün düşündürücüdür. İnanırıq ki, burada deyilənlər oxucularımız arasında jurnalist olanları da düşünməyə vadar edəcək.

Qulu müəllim, Azərbaycanda ekoloji jurnalistikanın hiss olunub-olunmadığı barədə suala sizin də cavabınızı eşidək…

Qulu Məhərrəmli: Xeyr, Azərbaycanda ekoloji jurnalistika hiss olunmur. Bu sahənin özü də yenidir axı. Diqqətimi çəkən səviyyəli mütəxəssislər, ekoloqlar var. Yaxşı olardı ki, Bakı Dövlət Universitetində və jurnalist yetirən başqa ali təhsil ocaqlarında ekoloji jurnalistika üzrə kadrlar hazırlansın. Ekologiya üzrə mütəxəssisləri tanıyan, ekoloji problemləri yaxşı bilən və prosesləri izləyib araşdırmağı bacaran jurnalistlər yetişdirilməlidir. Jurnalistika fakültələrində ekoloji jurnalistika ixtisası olmalıdır. Ölkə mediasında ekoloji mövzularda boşluqlar var, qəzetlər, televiziyalar, saytlar təsadüfdən-təsadüfə belə materiallara yer verir. Ekoloji mövzular davamlı olaraq işlənməlidir. Bu məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də marağında olmalıdır.

Telman Zeynalov: Biz tez-tez təlimlər keçirik, belə tədbirlərə jurnalistlər də dəvət edilir, onlar üçün də təlimlər keçirilir. Ancaq Qulu müəllimin dediyi kimi, ekoloji mövzuda materialların hazırlanması, yayılması davamlı xarakter almalıdır. Problemlərdən danışılır, amma kökünə getmək, mahiyyətinə varmaq lazımdır. Məsələn, tez-tez sudan danışılır, ancaq çox az adam bilir ki, Bakı şəhərində suyun az qala 70 faizi itkiyə gedir, baxın necə acınacaqlı bir problemdir.

Qulu Məhərrəmli: Qaz məsələsində də eyni problemlər yaşanır…

Telman Zeynalov: Belə iri həcmdə itkilərin olması ciddi məsələdir. Media belə məsələləri diqqətdə saxlamalıdır. Mən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə etiraz edənlərdən olmuşam. Axı bunun nəticələrini də fikirləşməliyik. Etirazımı ifadə edəndə bir mütəxəssis kimi fikrimi belə əsaslandırdım ki, bu suyun gətirilməsi dağlarda, meşələrdə quraqlığa səbəb olacaq, həmin ərazilərdə problemlər yaranacaq.

Mən layihələrin yanlış istiqamətə yönəlməsini yenə də məqsədli təbliğatın, adına qlobal istiləşmə deyilən bir problemlə bağlı dünyada, o cümlədən KİV-lərdə aparılan təşviqatın nəticəsi sayıram. Əvvəla, qlobal istiləşmə birbaşa günəş şüası, onun vəziyyəti və okeanlarla bağlı bir məsələdir. İndi günəşdə ləkələrin sayı çox azalıb, günəşdə partlayışlar da baş vermir, deməli, günəş yatıb, yəni işıqlandırır, amma isitmir. Belə prosesin nəticəsi necə qlobal istiləşmə ola bilər?

– Günəşin soyuduğunu deyirsiniz. Bunun özü elə iqlimə təsir göstərən bir dəyişiklik deyilmi?

Telman Zeynalov: Bəli. Amma bu, qlobal istiləşmə yaradan bir faktor deyil axı. Niyə media bunu yazmır?

– Alimlər planetdə müxtəlif kataklizmlərin baş verəcəyini dəfələrlə söyləyiblər. Yəni doğrudanmı bu barədə yazılanlar, deyilənlər heç bir fakta əsaslanmır?

Telman Zeynalov: Əvvəla, bunu alimlərin hamısı yox, bir qismi deyir. İkincisi də, kataklizm yaratmağa nə var ki? İnanın, onlar süni kataklizmlər yaradırlar və bunu etmək onlar üçün çətin deyil. Müasir texnologiyalar köməklərinə çatır, əllərində elə preparatlar, elə xüsusi dərmanlar var ki, onunla az qala bütün canlıların kökünü kəsə bilərlər. Kimyəvi tərkibli, ekoloji cəhətdən, həmçinin insan orqanizmi üçün ən zərərli maddələri adamların başına səpirlər, sonra da car çəkib mediaya deyirlər ki, guya ətraf mühiti, insanları fəsadlardan qoruyurlar. Jurnalistlər də onların dediklərini həqiqət kimi ictimaiyyətə təqdim edir. Halbuki canlılar zəhərlənir, torpaq elə sürətlə deqradasiyaya məruz qalır ki, ən barlı-bəhərli sahələr belə şoranlığa çevrilir. Bu prosesin ardınca quraqlıq yaranır, boş ərazilərin, səhra torpaqların sayı çoxalır. Bəs bundan sonra nə baş verir? Toxumçuluq, əsas da su qıtlığı problemi önə çəkilir. İctimaiyyətin, medianın diqqəti bunun üzərində cəmlənir. Bax, hiylə də məhz buradadır. Bunların hamısı dünya oliqarxlarının biznes marağına uyğunlaşdırılmış proseslərdir. Sonra da geni dəyişdirilmiş toxumları həmin bədbəxt ölkələrə sırıyırlar. Süni şəkildə ehtiyac yaradırlar ki, qazanc əldə edə bilsinlər. Özü də ikibaşlı oyun gedir: insan geni dəyişir, ömür qısalır, xəstəliklər çoxalır.

ABŞ-ın bir transmilli şirkəti var – “Monsanto”. Bu şirkət həm də biotexnologiya üzrə dünya lideri sayılır, kənd təsərrüfatı üçün genetik modifikasiya olunmuş toxumlar və məhsullar ixrac edir. Dünyanı dağıdan böyük qüvvələrdən biri elə bu şirkətdir. “Monsanto” demək olar ki, toxunulmaz bir quruma çevrilib. Onu sorğu-suala tutmaq, məhkəməyə vermək, təftiş etmək, mediada onun barəsində tənqidi materiallar dərc etmək heç də asan məsələ deyil, çünki arxasında Amerika maraqları, ABŞ siyasəti dayanır. Biz süni toxumlara qarşı çıxmalı, müqavimət göstərməliyik, media bu istiqamətdə aktiv iş aparmalıdır – İranda olduğu kimi. İranda genetik modifikasiya olunmuş məhsullar qadağan edilib, çünki belə məhsulların nə fəsadlar törədəcəyindən xəbərdardırlar. Genetik modifikasiya olunmuş qidalar, “Monsanto”nun ixrac etdiyi məhsullar bəladır, böyük təhlükə mənbəyidir.

Qulu Məhərrəmli: Genetik modifikasiya olunmuş məhsullarla bağlı gerçəyi öncə mütəxəssislər söyləməlidir, yəni bu təhlükəni görən, bilən şəxslər. Yediyimiz çörəyin tərkibində belə süni toxumlar var, o toxumlara yeridilmiş maddələrin köməyi ilə çörək uzun müddət qala bilir. Bütün bunlar barədə niyə cəmiyyət ətraflı məlumatlandırılmır, niyə ictimaiyyət belə problemlər haqda bu qədər az bilir? Həqiqəti mütəxəssislər açıb deməlidir ki, media da onu işıqlandıra bilsin. Telman müəllimlə o məsələdə razıyam ki, biznes maraqları bu mövzuda bəzi həqiqətlərin gizlədilməsinə, sirr kimi saxlanmasına yönəlir. Biznes marağı insanın sağlamlığı marağını üstələyir. Bunun izahı verilməlidir, geni dəyişdirilmiş qidalardan, məhsullardan danışılmalıdır. Mövzu qabardılan kimi belə bir iddia irəli sürülür ki, genetik modifikasiya olunmuş məhsullar insan orqanizmi üçün zərərli deyil.

– Bəli, mediada belə fikirlərə çox rast gəlmək olar.

Qulu Məhərrəmli: Amma mütəxəssislər var axı. Doğrudanmı bunu yoxlamaq çətin işdir?

Telman Zeynalov: Geni dəyişdirilmiş məhsulların tərkibini tam incəliyi ilə öyrənmək çox çətindir, bundan ötrü böyük elmi-texniki baza olmalıdır. Məhsulun geninin dəyişdirilib-dəyişdirilmədiyini ancaq laborator üsulla, mikrobiologiyanın köməyi ilə ayırd etmək mümkündür. Bu sahə Rusiyada daha çox inkişaf edib, orada akademik səviyyədə araşdırmalar aparılır. Uğurlu nəticələr də əldə ediblər. Mikrobiologiya üzrə məşhur mütəxəssis, akademik İrina Yermakova on illərlə siçanlar üzərində təcrübə aparıb. O, genə müdaxiləni üç mərhələyə bölür. Birinci mərhələdə sağlam nəsil müdaxiləyə məruz qalır. Müdaxilə var, amma nəsil hələ ki, sağlamdır. İkinci mərhələdə artıq nəsil sağlam deyil, xəstədir. Bu mərhələdə viruslar, müxtəlif ağır xəstəliklər, eləcə də xərçəng şişləri yayılır, artır. Ən dəhşətlisi üçüncü mərhələdir. Bu mərhələdə söhbət kütləvi ölümlərdən gedir. Bax, budur genetik modifikasiyanın bəşəriyyətə “xidməti”. Dünya əhalisinin sayını azaltmaq, süni və qablaşdırılmış qidalar dövrünə qədəm qoymaq. Bu plan artıq dünyanı zəbt edib.

– Belə problemlər ekoloji jurnalistikanın əhəmiyyətini artırırmı? Demək olarmı ki, ekoloji jurnalistika əslində gələcəyin jurnalistikasıdır, getdikcə o, jurnalistikanın çox vacib bir qoluna çevriləcək?

Qulu Məhərrəmli: Ekoloji jurnalistika elə bu günün jurnalistikasıdır. Sadalanan problemlər təkcə gələcəyin yox, həm də bu günün problemləridir. Üstəlik, tam bu günün deyil, neçə il öncədən baş qaldırıb bu məsələlər. Artıq indinin özündə bizə ekoloji mövzuları diqqətdə saxlayan, bu mövzuları işıqlandıran jurnalistika lazımdır. Söz açdığımız mövzu genişdir, tək ekoloji də deyil, həm də sosial mövzulardır. “Niyə biz bu mövzularda yaza bilmirik” sualına cavab axtaranda isə səbəb tez məlum olur. Ekoloji problemlərə aid materiallar böyük güclərin marağına toxunur və yaxud biznes şəbəkəsi quran müxtəlif iş adamlarının fəaliyyətinə kölgə salır. Demək, ekoloji jurnalistikanın inkişafına güclü müqavimət olacaq, çünki bəzilərinin gözündə ekoloji jurnalistika həm də əks-təbliğatdır. Nə qədər acınacaqlı olsa da, buna müəyyən qədər təbii hal kimi baxmaq lazımdır. Biri ət, digəri meyvə satır və onların demək olar hamısı geni dəyişdirilmiş yemlərdən, toxumlardan yararlanır. Belə situasiya artıq genetik modifikasiyadan sərbəst şəkildə söz açılmasını çətinləşdirir.

Baxın, indi ölkəmizdə siqaret əleyhinə kampaniya gedir, tütün məmulatlarının istifadəsini məhdudlaşdıran qanun layihəsi artıq parlamentdə ilk oxunuşda qəbul olunub. Layihədə siqaret çəkilməsinə icazə verilməyən xeyli yerin siyahısı əksini tapıb. 10-15 il qabaq mən AzTV-də “Səhər” proqramında çalışanda buraxılışın birini siqaretə qarşı təbliğata həsr etmişdim. Veriliş yüksək səviyyədə ərsəyə gəldi, peşəkarlar və mütəxəssislər studiyaya gəlib öz sözlərini dedilər. Veriliş efirə gedəndən sonra isə nələr baş verdi, bunu bir Allah bilir. Heç 40 dəqiqə ötməmişdi, telefon zənglərindən tərpənə bilmirdim. Deyirdilər bu təbliğatı dayandırın, insanlar özü bilər, kim istəyər siqaret çəkər, kim istəyər çəkməz və sair və ilaxır. Belə sözlərlə təngə gətirdilər məni, axırda da məsələni böyüdüb sədr səviyyəsinə çıxartdılar və beləcə həmin buraxılış daha efirə getmədi, çünki siqaret mafiyasının marağına toxunmuşdu. Bax, belə dərdlərimiz var, ümumi, ictimai maraqlar şəxsi mənafelərə qurban gedir.

Telman Zeynalov: Media, jurnalistlər genetik modifikasiya olunmuş məhsullar barədə materiallara geniş yer ayırmalıdır. Hesab edirəm ki, jurnalistlərin peşəkar inadkarlığı, güclü müqaviməti həqiqətən də gələcəkdə ekoloji jurnalistikanı jurnalistika sahələri arasında ön plana çıxara bilər. Ümid edək ki, belə də olacaq.

– Ekoloji problemlərə ictimai maraq barədə nə demək olar? Medianı qınayırıq, bəs cəmiyyətin bu problemlərə marağı nə həddədir?

(Ardı var)

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id