2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan sənayesi 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz az məhsul istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8 faiz artıb, neft sektorunda 7,5 faiz azalıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi mayın 15-də belə hesabat yayıb.
Rəsmi hesabata əsasən, sənaye məhsulunun 70,5 faizi mədən sektorunda, 23,8 faizi emal sektorunda, 5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Dövlət Statistika Komitəsi bildirir ki, mədən sektorunda neft hasilatı 9,5 faiz, əmtəəlik qaz hasilatı 0,2 faiz azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 3,7 faiz, içkilərin istehsalı 39,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 73,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 88,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,7 faiz, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 60,6 faiz, tikinti materiallarının istehsalı 44,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4 faiz, kompüter və elektron məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 32,5 faiz, mebel istehsalı 47,9 faiz artıb.
Tütün məmulatlarının istehsalında 49 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 60,4 faiz, kağız və karton istehsalında 2,8 faiz, poliqrafiya məhsullarının istehsalında 60,7 faiz, hazır metal məmulatlarının istehsalında 29,5 faiz, maşın və avadanlıqların istehsalında 1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində 59,9 faiz azalma var.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz yüksəlib, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2 faiz düşüb.