Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti silahlı qüvvələrin bəzi əsgər və zabitlərinin, eləcə də mülki şəxslərin dövlətə xəyanət etmələri barədə məlumatlarla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “BAXCP İdarə Heyəti Azərbaycan Konstitusiyasının 27-ci maddəsinin dövləti cinayətlərə görə ölüm cəzasının tətbiqinə imkan yaratdığını, eləcə də ölkənin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı protokolunun 2-ci maddəsinin “dövlətin müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilməsi” və Azərbaycanın da müharibə vəziyyətində olması faktını nəzərə alaraq ölüm cəzasının müstəsna cəza kimi bərpası təşəbbüsü ilə çıxış edir.
Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının Ermənistanın ali baş komandanına tabe olduğunu, bu hərbi birləşmənin Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula biləcəyi barədə açıqlamaların bu günədək rəsmi Moskvadan təkzib olunmadığını nəzərə alan BAXCP İdarə Heyəti mövcud vəziyyətin Rusiyanın da Azərbaycanla müharibə vəziyyətində olması reallığını yaratdığını bildirir və bu səbəbdən bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini vacib sayır. BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan vətəndaşlarının Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalı, Rusiyanın hərbi təhsil müəssisələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır.
BAXCP İdarə Heyəti hesab edir ki, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi təcili olaraq dövlətə xəyanət etmiş şəxslərlə bağlı dinləmələr keçirməlidir. Dinləmələr zamanı baş vermiş hadisə ciddi şəkildə araşdırılmalı və təhlil olunmalı, Milli Məclis hakimiyyətin müstəqil qolu kimi ali baş komandanı alternativ informasiya ilə təmin etməli, bu sahəyə məsul olan şəxslər ciddi şəkildə cəzalandırılmalı, ictimaiyyətin narahatlığına son qoyulmalıdır”.
BAXCP-yə deputat Qüdrət Həsənquliyev sədrlik edir.
Bu yaxınlarda Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırdığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlərdə müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmənə ötürüblər.
Toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda dövlətə xəyanət və digər faktlar üzrə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb. Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, ibtidai istintaq aparılır.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Novator.az xatırladır ki, Azərbaycanda ölüm cəzası 1998-ci ildə ləğv olunub. Hazırda ən ağır cəza ömürlük həbsdir.