Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan insanların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işlərini davam etdirir. Mayın 15-də yayılan rəsmi hesabata görə, bu ilin yanvar-aprel aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə filialı və Naxçıvan istehsalat sahəsi əlilliyi olan 3702 nəfər vətəndaşa xidmətlər göstərib. Onların 486 nəfəri ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir.
Dörd ayda əlilliyi olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 358 ədəd aşağı və yuxarı ətraf protezi, 3096 ədəd müxtəlif reabilitasiya vasitəsi, 526 ədəd yuxarı və aşağı ətraf ortezi, 158 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Əlilliyi olan şəxslər həmçinin 812 cüt protez ayaqqabı, 1473 cüt ortopedik ayaqqabı, 125 ədəd dördayaqlı dayaq vasitəsi, 215 cüt qoltuqaltı və 375 cüt dirsəkaltı ağacla, 708 ədəd əsa və s. ilə təmin ediliblər. Onlara 14 ədəd əlil arabası verilib, 253 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb.
Ümumilikdə yanvar-aprel aylarında əlilliyi olan şəxslər 9355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə filialının mürəkkəb protezləşdirmə stasionarlarında 177 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.