Novator.az bildirir ki, Portuqaliya “Avroviziya” musiqi yarışında qələbə çalan 27-ci ölkədir.
Mayın 9-dan 13-dək Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Avroviziya 2017” mahnı müsabiqəsində portuqaliyalı müğənni Salvador Sobral qalib gəlib.
İctimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışında Portuqaliyaya qədər 26 ölkə birincilik əldə etmişdi. 1969-cu ildə qələbə eyni vaxtda dörd ölkəyə (İspaniya, Böyük Britaniya, Fransa və Niderland) verilib.
62 dəfə keçirilmiş yarışda hamıdan çox İrlandiya uğur qazanıb. Bu ölkə 7 “Avroviziya”da birinci olub.
İsveç 6 müsabiqədən qalib çıxıb.
Fransa, Lüksemburq, Böyük Britaniya 5 dəfə “Avroviziya” zəfəri yaşayıblar.
Niderland 4 yarışmada qalib gəlib.
Danimarka, İsrail və Norveçin 3 qələbəsi var.
Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Ukrayna “Avroviziya”nın ilk pilləsində 2 dəfə yer alıblar.
Müsabiqəyə 10 dəfə qatılmış Azərbaycanın 1 qələbəsi var.
Belçika, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Monako, Rusiya, Serbiya, Türkiyə də 1 dəfə “Avroviziya” qalibi olublar.
Tarixə qovuşmuş Yuqoslaviya da 1 uğur əldə edib.