Ukrayna paytaxtı Kiyevin ev sahibliyi elədiyi “Avroviziya 2017” mahnı müsabiqəsi portuqaliyalı müğənni Salvador Sobralın qələbəsi ilə başa çatıb. Novator.az-ın məlumatına görə, Salvador Sobral 13 may finalında həm münsiflərin, həm də tamaşaçıların ən çox səsini alaraq 758 xalla zirvəni fəth edib.
Salvador Sobral 1989-cu il dekabrın 28-i Lissabonda doğulub. Zadəgan nəsildəndir. Uşaqlığı ABŞ-da və İspaniyada keçib. Lissabon Ali Tətbiqi Psixologiya İnstitutunda oxuyub, amma təhsilini yarımçıq qoyub, sonra Barselonada musiqi təhsili alıb.
Bolqarıstanlı Kristian Kostov 615 xalla ikinci pilləni tutub. Üçüncü yerdə Moldovanın “SunStroke Project” qrupu qərarlaşıb: 374 xal.
Çoxlarının favorit göstərdiyi italyan ifaçı Françesko Qabbani 334 xal toplayaraq 6-cı yerlə kifayətlənib.
Azərbaycan təmsilçisi Diana Hacıyeva 26 ölkənin yer aldığı finalı 120 xalla 14-cü yerdə başa vurub. Beləliklə, dördüncü il dalbadal Azərbaycan “Avroviziya”da ilk onluğa keçə bilməyib.
Ermənistandan Arsvik Arutunyan 79 xalla 18-ci olub.
Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.
2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri tutub.