Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti təsdiqlənib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin fərmanı ilə rəsmiləşən sənəddə 2017-ci ildə Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri belə göstərilir: qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi; 2017-ci ilin dövlət büdcəsinə transfert; makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka transfert; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi; Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi; Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.
Sənədə əsasən, 2017-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 51,24 milyard manata bərabər götürülür. Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 35 faizi avroda ifadə olunan aktivlərə; faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
İnvestisiya portfelinin alt portfelləri belə sıralanır: borc öhdəlikləri və pul bazarları alətləri portfeli – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 60 faizi (maksimum 5 faizə qədəri kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya edən pay fondları olmaqla); səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə investisiya edən pay fondları olmaqla); daşınmaz əmlak portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri; qızıl portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri.
Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddəti (durasiyası) 48 aydan artıq olmamalıdır.
Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.