Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bəzi saytlara girişin bloklanması iddiası ilə başlanmış məhkəmə prosesi yekunlaşıb.
Novator.az-ın məlumatına görə, mayın 12-də Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov iddianın təmin edilməsi barədə qərar çıxarıb.
Beləliklə, Azadliq.org-a (“Azadlıq” radiosunun saytı), Azadliq.info-ya (“Azadlıq” qəzetinin saytı), Azerbaycansaati.com-a (“Turan TV”nin saytı), Meydan.tv-yə (“Meydan TV” internet televiziyasının saytı) girişə, eyni zamanda “Azərbaycan saatı” televiziya proqramının yayımına məhkəmə qərarı ilə məhdudiyyət qoyulub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhkəməyə Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Belə ki, prokurorluq nazirliyə müraciət edərək saytlarla bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub. Mərkəzin rəhbəri Faiq Fərmanov məhkəməyə müraciət edib.
Martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.
İnternet senzurası: çarə tükənməz
Emin Milli: “Bütün mümkün variantlardan istifadə etməyə çalışırıq”
Azadliq.org, Azadliq.info, Meydan.tv və Azerbaycansaati.com məhkəməyə verildi