Ukrayna paytaxtı Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Avroviziya 2017” mahnı müsabiqəsinin bütün finalçıları bəlli olub. Novator.az-ın məlumatına görə, mayın 11-i ikinci yarımfinalda Bolqarıstandan Kristian Kostov, Belarusdan Artyom Lukyanenko və Kseniya Juk, Xorvatiyadan Jak Hudek, Macarıstandan Yosi Papai, Danimarkadan Anya Nissen, İsraildən İmri Ziv, Rumıniyadan İlinka Basila və Aleks Florya, Norveçdən Yoahim Stin və Aleksander Valmann, Niderlanddan “O’G3NE” qrupu, Avstriyadan Natan Trent uğur qazanıblar.
Mayın 9-da keçirilən birinci yarımfinalda “Skeletons” mahnısını ifa edən (Video) Azərbaycan təmsilçisi Diana Hacıyeva finala çıxıb. Moldovadan “SunStroke Project” qrupu, Yunanıstandan Dmitra Papadeya, İsveçdən Robin Benqtsson, Portuqaliyadan Salvador Sobral, Polşadan Katarjina Mos, Ermənistandan Arsvik Arutunyan, Avstraliyadan İsayya Fayrbreys, Kiprdən Ovik Dəmirçyan, Belçikadan Elli Delvo da əsas mərhələyə keçiblər.
Almaniyadan İzabella Luin, Böyük Britaniyadan Lusi Cons, Fransadan Aleksandra Make, İspaniyadan Manel Navarro, İtaliyadan Françesko Qabbani, Ukraynadan “O.Torvald” qrupu yarışa finalda qoşulacaqlar. Final mayın 13-də keçiriləcək.
Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.
Sonrakı üç ildə Azərbaycan “Avroviziya” musiqi yarışında ilk onluğa keçə bilməyib. 2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri tutub.