“Ordu quruculuğu uğurla gedir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”. Dövlət başçısı İlham Əliyev mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan təntənəli mərasimdə belə deyib.
Mərasim mayın 10-u Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilib. Novator.az-ın məlumatına görə, İlham Əliyev çıxışında Qarabağ münaqişəsinə də toxunub. O, Heydər Əliyevin 1987-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü vəzifəsindən kənarlaşdırılmasından söz açaraq qeyd edib ki, bundan sonra Azərbaycanın problemləri başlayıb: “İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsus ki, sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyllər Sovet İttifaqının dağılmasına gətirib çıxardı.
Sovet İttifaqının dağılmasının səbəbləri çoxdur. Ancaq onun əsas səbəbləri yanlış milli siyasət oldu. Sovet İttifaqını böyük dövlət kimi saxlayan məhz düzgün milli siyasət olub. Ancaq 1985-ci ildən sonra bu siyasətə cavabdehlik daşıyan şəxslər ya öz məsuliyyətini dərk edə bilmirdilər, ya da qəsdən çox ziyanlı addımlar atdılar. Onların arasında Dağlıq Qarabağdakı erməni millətçilərinin, separatçılarının vaxtında cəzalandırılmaması məsələsi xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsindən sonra digər yerlərdə də toqquşmalar baş verdi və nəticə etibarilə Sovet İttifaqı dağıldı”.
Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrə toxunan prezident deyib ki, o zaman Naxçıvan da təhlükə altında idi: “Erməni qəsbkarları Naxçıvana da öz çirkin əllərini uzatmışdılar. Tam əminliklə deyə bilərəm ki, əgər o vaxt Heydər Əliyev Naxçıvanda olmasaydı, bəlkə Naxçıvan da işğal oluna bilərdi. O, Naxçıvanı qorudu, naxçıvanlılar da onu qorudular. O vaxt Naxçıvanda da qanlı döyüşlər gedirdi və özünümüdafiə qüvvələri erməni qəsbkarlarını yerinə oturtdular”.
Dövlət başçısı qeyd edib ki, hakimiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ölkənin prinsipial mövqeyini müdafiə edir və bu mövqe gündən-günə güclənir: “2003-cü ildən bu günə qədər aparıcı beynəlxalq təşkilatların qərarları, qətnamələri də bunu təsdiqləyir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı. Bütün bu təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi əks etdirən ədalətli qərarlar, qətnamələr qəbul ediblər və Ermənistanın işğalçı siyasətini pisləyiblər. Artıq bu illər ərzində Xocalı soyqırımını dünyanın bir çox ölkələri rəsmən soyqırımı kimi tanıyıb və bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u heç kim tanımayıb. Minsk qrupuna həmsədrlik edən ölkələr bunu bəyan etdilər ki, bu “referendum”u tanımırlar. Qonşu ölkələr eyni bəyanatlar verdilər, beynəlxalq təşkilatlar bu bəyanatlarla bir daha göstərdilər ki, onlar ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşırlar və Dağlıq Qarabağı, bu qondarma qurumu tanımırlar və əminəm ki, tanımayacaqlar”.
Prezident ordu quruculuğu məsələsinə toxunaraq deyib ki, bu, Heydər Əliyev üçün prioritet məsələ olub: “Çünki o, 1993-cü ildə hakimiyyətə gələndə bizdə nizami ordu yox idi. Bizim əsas problemimiz də bundan qaynaqlanırdı. Ordu quruculuğu prosesi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ordu quruculuğu prosesi uğurla gedir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu bütün beynəlxalq reytinqlər də təsdiqləyir. Həm maddi-texniki təminat, təchizat, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu baxımından bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu keçən ilin aprel ayında baş vermiş toqquşma da göstərdi. Qəhrəman Azərbaycan əsgər və zabitləri işğal edilmiş torpaqların bir hissəsini – Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarını işğalçılardan azad etdilər, orada Azərbaycan bayrağı qaldırıldı. Budur bugünkü Azərbaycan Ordusu. Biz ordumuzla fəxr edirik və heç kimə imkan verə bilmərik ki, Ordumuzun uğurlarına kölgə salsın.
Əfsus ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, ordumuzu ləkələsinlər. Bizim ordumuz keçən il göstərdi ki, nəyə qadirdir və Azərbaycan Ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir. Ordu quruculuğunun təməlini Heydər Əliyev qoyub. Biz isə onun davamçılarıyıq, bu yolla gedirik və ordumuz üçün nə lazımdırsa onu da edəcəyik”.
Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postunda respublikaya rəhbərlik edib. 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub.
1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib.
2003-cü il dekabrın 12-də vəfat edib.