Qulu Məhərrəmli: “Media bu barədə çox az şey bildi”. Telman Zeynalov: “Gizlətdilər bu məsələləri”
Novator.az ekologiya və media mövzusunda debat keçirib. Debatda saytın suallarını Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli cavablandırıblar.
– Klassik təsnifata görə, medianın üç əsas funksiyası var – məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək. Bu gün Azərbaycan mediası ekoloji mövzulara münasibətdə daha çox hansı işlə məşğuldur: məlumatlandırır, maarifləndirir, yoxsa əyləndirir?
Telman Zeynalov: Məncə, heç birisini düzgün yerinə yetirə bilmir. Ekoloji problemləri işıqlandıran jurnalist bu sahənin incəliklərini bilməlidir. Bir misal çəkəcəm. Yaxın vaxtların söhbətidir, jurnalistlərdən biri məndən son günlər havanın temperaturunun niyə normadan artıq olduğunu soruşdu. Dedim bu informasiyanı haradan almısan? Cavab verdi ki, rəsmi mənbədən. Dəhşətə gəldim. Çünki jurnalist mənə müraciət edən gün və ondan qabaqkı günlərdə havanın temperaturu qalxmamışdı, əksinə, aşağı düşmüşdü, özü də 8 dərəcə. Bax, elə mütəxəssislər var ki, informasiyanı təhrif edir, jurnalist isə bir mənbə ilə kifayətlənir, eləcə həmin mənbənin məlumatını yayır.
Qulu Məhərrəmli: Mənə elə gəlir ki, sualda qeyd etdikləriniz jurnalistikanın yox, media qurumlarının funksiyasıdır. Jurnalistikanın əsas işi informasiya vermək, təhlil etmək, problemi araşdırmaqdır. Təbii ki, bu funksiyaya ictimai rəy yaratmaq da daxildir.
– Bəs elədirsə, dediyiniz işləri mediamız həyata keçirə bilirmi?
– Əvvəla onu qeyd edim ki, bu gün ekologiya bütün bəşəriyyəti düşündürən ən ciddi və problemli bir sahə olsa da, Azərbaycanda bu sahə hələ dərindən öyrənilməyib, yeni bir sahə kimi tam formalaşmayıb. Ona görə xeyli nöqsan var. Jurnalistikamızın ən ciddi problemlərindən biri isə xüsusi özəlliyi olan sahələri səthi və dayaz işıqlandırmasıdır. Ekologiya sahəsi, o cümlədən bu sahədə formalaşan ekoloji jurnalistika təkmilləşməlidir. Bu gün havanın, suyun, dənizin çirklənməsi, qlobal iqlim dəyişikliyi kimi ekoloji problemlər mövcuddur. Problemlərdən biri də geni dəyişdirilən məhsulların qida rasionumuza daxil olmasıdır. Əslində sadaladığım problemlərin arasında ən ciddisi elə budur. Azərbaycan mediası bu problemləri lazımınca işıqlandıra bilmir, peşəkarlıq səviyyəsi aşağı olduğundan ekoloji məsələlər cəmiyyətə doğru-dürüst çatdırılmır, buna görə cəmiyyət hələ də mövcud ekoloji problemləri dərk edə bilmir.
Telman Zeynalov: Ekologiya spesifik və çox ciddi bir sahədir, jurnalist bu mövzuda hansısa mütəxəssisi danışdıranda düşünməlidir ki, onun hazırlayacağı material, təqdim edəcəyi şərh, informasiya, müsahibə cəmiyyətdə necə reaksiya doğuracaq? Bu elə bir sahədir ki, psixoloji amillər də nəzərə alınmalıdır. Ekoloji mövzuda hər deyiləni mediaya çıxarmaq olmaz. Bu, fəsadlar törədə, insanlarda stress yarada bilər. Yaxından tanıdığım bir mütəxəssisin su problemi ilə bağlı fikirləri mediada yer almışdı. O deyirdi ki, 2030-cu ilədək Azərbaycanda su qıtlığı böyük problemə çevriləcək.
– Hərdən zəlzələ ilə bağlı da oxşar məlumatlar yayılır…
– Bəli, hamısından xəbərim var. Demək istəyirəm ki, Azərbaycanda su qıtlığı mümkünsüzdür, bu, şişirdilmiş, süni problemdir. Bizim ölkəmizdə 8278 çay var. Bunların heç də hamısı Xəzərə tökülmür. Üstəlik, hər çay və onun qolları həm də yerin altında ehtiyat su mənbəyinin olduğundan xəbər verir. Yerin üstü ilə çay axırsa, deməli, o yerin altında da su var. Yəni çayın özündən əlavə yerin altında ehtiyat mənbə – yeraltı su anbarı da mövcuddur. Bizim 8278 çayımız, üstəlik, yeraltı su anbarlarımız var, belə olan halda Azərbaycanda necə su qıtlığı yarana bilər?! Bir çox ölkə kimi bizi də BMT-nin məruzələri, hesabatları ilə qorxudurlar. Məncə, beynəlxalq qurumların, o cümlədən BMT-nin yaydığı məlumatların heç də hamısı doğru deyil, bəzi informasiyalar, daha doğrusu, dezinformasiyalar bilərəkdən yayılır.
– Amma problemin şişirdilməsi onun ümumiyyətlə mövcud olmaması anlamına da gəlmir. Hər halda problem var, ola bilsin, şişirdilir, ancaq bir problem kimi var axı. Məsələn, paytaxtda heç də hər mənzilə, binaya su sutka ərzində verilmir. Bölgələrimizdə də istər içməli su, istərsə də əkin sahələrinin suvarılması məsələlərində çətinliklər var. Məgər sudan söz açanda biz deyə bilərikmi ki, ölkəmizdə belə problem yoxdur və jurnalistin bunu bir problem kimi qaldıranlara tribuna verməsi yanlışdır?
Telman Zeynalov: Burada bir incəlik var, jurnalist onu bilməli, onu qaldırmalıdır. Məsələ bundadır ki, reallıqda su problemi yoxdur, bu problem süni şəkildə yaradılır. Azərbaycanda su problemi olmamalıdır, ola biməz. Mən belə məsələlərin beynəlxalq səviyyədə qabardılmasını, dünya mediasına çıxarılmasını, BMT tribunasından səslənməsini yalnız biznes maraqları ilə bağlaya bilərəm. Su problemi yaratmaqla və süni şəkildə məsələni şişirtməklə su ilə alver etmək istəyən qüvvələrin mənafeyinə xidmət edirlər. Dünyada elə qüvvələr – həm siyasi, həm iqtisadi qüvvələr – var ki, onlar BMT kimi təşkilata da təsir edə bilir, nəticədə medianı da yönəltməklə yanlış ictimai rəy formalaşdırırlar.
ABŞ və Qərb dövlətləri iqlim dəyişikliyi mövzusunu da belə üsullarla şişirdilmiş şəkildə ortaya atıb. Vaxtilə SSRİ alimləri buna əngəl törədirdi. Ona görə qlobal iqlim dəyişikliyi haqda uydurulmuş əfsanələr SSRİ-nin mövcud olduğu vaxt populyarlıq qazana bilmədi. SSRİ dağılandan sonra isə mövzuya qayıdıldı və nəticə məlumdur – az qala hamı, bütün KİV-lər qlobal iqlim dəyişikliyindən danışır.
Ona görə jurnalistlərimiz ayıq-sayıq olmalı, bilməlidirlər ki, məsələ hətta BMT səviyyəsində də qaldırılıbsa, bu hələ həmin məsələnin doğrudan da mövcud olduğunu deməyə əsas yaratmır. Jurnalist şübhələnməyi bacarmalı, araşdırmalı, dəqiqləşdirməlidir. Doğrudanmı belə bir problem var? Hər şey göründüyü qədər sadə deyil. BMT böyük təşkilat olsa da, Azərbaycanın ekoloji durumuna, iqliminə, dağların, çayların vəziyyətinə, relyefinə, coğrafiyasına tam bələd ola bilməz, bundan ötrü o, Bakıda yuva salıb uzun müddət fəaliyyət göstərməli, araşdırmalar aparmalıdır.
Yeri gəlmişkən bir məqamı da qeyd edim. Onlar deyirlər ki, ətraf mühit çirklənir, havaya buraxılan karbon qazının miqdarı çoxalır… Belə bəhanələrlə bir çox ölkənin, həmçinin Azərbaycanın iqtisadiyyatını, sənaye potensialını dağıtdılar. Neçə-neçə zavod, fabrik bağlandı. Nəticə nə oldu, çirklənmə aradan qalxdımı? Xeyr. Əslində heç nə dəyişmədi. Ekoloji mühit yenə çirklənir.
– Sözünüzdən belə çıxır ki, bəzi dövlətlər məqsədli şəkildə yalandan ekoloji problemlər düşünür və bunu media vasitəsilə şüurlara yeridir?
Telman Zeynalov (sərt ritorika ilə): Bəli! Bəli!
Qulu Məhərrəmli: Mən belə başa düşdüm ki, Telman müəllim problemin yerlərdə yanlış araşdırıldığını və hətta BMT kimi bir quruma da yanlış informasiyalar ötürüldüyünü demək istəyir. Doğrusu, Telman müəllim, mən belə hesab etmirəm. Çünki BMT kimi ciddi və nüfuzlu bir təşkilatda informasiya bir mənbədən alınmır, orada məlumatları müxtəlif mənbələrdən alıb toplayırlar. Tutaq ki, sizin də məşğul olduğunuz, tez-tez həyəcan təbili çaldığınız bir problem var – geni modifikasiya olunmuş qidalar. Bu problem var, yoxsa yoxdur? Əlbəttə ki, var. Su problemi də eləcə.
Siz bayaq Azərbaycanda olan çaylardan, onların sayından danışdınız, bu da bizim üçün yeni və maraqlı məlumat oldu. Ancaq insanlar görəndə ki, onun evində su vaxtında gəlmir, əkin sahəsini suvarmağa su tapmır, su üstündə dava gedir, çayların dibi təmizlənmir, yaxud da çayın istiqamətinin dəyişdirilməsi səbəbindən fəsadlar ortaya çıxır, bu, problemin real şəkildə mövcudluğundan xəbər verir. 2010-cu ildə Kür çayı daşdı, nəticədə böyük ərazini, evləri su basdı. Yəni biz qarışdırmamalıyıq: bir var təbiətdən gələn problem, yəni təbii formada yaranan problem, bir də var məsuliyyətsizlik nəticəsində ortaya çıxan problemlər.
Telman Zeynalov: 2010-cu ildə baş vermiş o hadisə əslində təbii problem idi, ancaq daşqının ciddi fəsadlara gətirib çıxarmasının kökündə Kür çayına edilən süni müdaxilələr dururdu. Biz bu məsələni araşdırmışdıq, yenə araşdırırıq. O fəlakətin miqyasını genişləndirən səbəblər də, fəlakətin həqiqi nəticələri, təfsilatı da mediadan gizlədildi.
Kür çayında bəzi məmurların vətəgələri, balıqyetişdirmə məntəqələri var idi, hamısı, irili-xırdalı balıqlar, xüsusilə də nərə balıqları dağılmışdı ətraf kəndlərə. Dəhşətli və biabırçı bir vəziyyət idi. Ancaq bu məsələlər, istər fəlakətin miqyasını genişləndirən həqiqi səbəblər, istərsə fəlakətin həqiqi nəticələri mediada əksini tapmadı.
Qulu Məhərrəmli: Elədir, media bu barədə çox az şey bildi. Yadımdadır, Beynəlxalq Mətbuat Mərkəzində treninq aparırdıq, hadisə yerinə tələbələr göndərdik, amma buraxmadılar. Həmin vaxt orada fövqəladə vəziyyət elan olunmuşdu, jurnalistlər hadisə yerinə buraxılmırdı. İndi Telman müəllimin dediyindən belə çıxır ki, şübhəli məqamlar varmış. Biz media olaraq yalnız ehtimallar eşidirdik, gah deyirdilər ki, çayın qolları dəyişdirilir, gah çay yatağını qum basdığını söyləyirdilər, amma bütün bunlar şayiə formasında idi.
Telman Zeynalov: Bəli, mətbuatdan gizlətdilər bu məsələləri. Sonra prezident İlham Əliyev özü işə qarışmalı oldu, onun tapşırığı ilə Rusiyadan iki gəmi alındı ki, Kür çayının dibi təmizlənsin. Axı əslində Kür çayı elə lilli çay da deyil, dünyada ən lilli bir çay varsa, o da Araz çayıdır. Kürə lili gətirən də Arazdır.
– Ekoloji sahədə hər hansı informasiya dövlət sirri hesab oluna bilərmi?
Qulu Məhərrəmli: Xeyr. “İnformasiya əldə etmək” haqqında, “Dövlət sirri” haqqında qanunlar var. “Dövlət sirri” haqqında qanunda dövlət sirrinə aid edilən məlumatların siyahısı verilib və bu qanunda dövlət sirrinə aid edilməyən, məxfiləşdirilməyən məlumatlar sırasına ekologiya haqqında məlumatlar da daxil edilib. “İnformasiya əldə etmək” haqqında qanunda isə informasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinə qoyulmuş məhdudiyyətlər də əksini tapır və bu qanunda göstərilir ki, informasiya sahibləri ekologiyaya aid məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilməzlər.
– İndicə 2010-cu ildə baş vermiş daşqından danışdıq. O zaman jurnalistlərin hadisə yerinə buraxılmamasını qanunsuz saymaq olarmı?
Qulu Məhərrəmli: Bəli, bu, qanuna zidd məhdudiyyət sayılmalıdır.
Telman Zeynalov: Burada başqa məqam da vardı: jurnalistlərin təhlükəsizliyinin qorunması. Yəni birdən hansısa jurnalisti sel aparar…
Qulu Məhərrəmli: Hətta belə məqam olubsa da, ekoloji fəlakətin yaratdığı vəziyyət barədə məlumat mediadan gizlədilməməlidir. Fəlakətin səbəb və nəticələri haqda media tam bilgiləndirilməlidir. Burada heç bir dövlət sirri ola bilməz. Jurnalistlərin hadisə yerinə buraxılmaması ekoloji fəlakət barədə həqiqətlərin mediadan və cəmiyyətdən gizlədilməsinə gətirib çıxarırsa, bu tam qanunsuzdur.
– Azərbaycanda bir problem də medianın qaldırdığı məsələlərə hökumətin heç də həmişə reaksiya verməməsidir. Yəni media yazır, çəkir, göstərir, amma hökumət qurumlarından səs-soraq çıxmır. Mediada əksini tapan ekoloji problemlərə münasibətdə bir fərq varmı, hökumətin bu problemlərə lazımınca reaksiya verdiyini söyləmək mümkündürmü?
(Ardı var)